İbrahim Nebioglu
Статистикаhttps://www.facebook.com/ibrahimnebioglu24 https://twitter.com/ibrahimnebioglu https://www.instagram.com/nebioglu_ibrahim/
- Последний пост
- 15 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 22
- Всего постов
- 29
- Тип
- открытый
- Язык
- und
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 194
- 1/48двое суток
- 222
- 1/72трое суток
- 239
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
без подписи
SÖYÜŞÜ UCALDAN AFORİZM Tələbə vaxtı hansısa bir kitabda oxumuşdum: Daş atmaq yerinə söyüş söyən ilk insan Bəşəriyyətin yaradıcısıdır… Müəllifinin Ziqmund Freyd olduğu yazırdı. Ancaq illər sonra müəllif məsələsində kiçik bir nüans çıxdı ortaya. Hallüsinasiya və epilepsiya ilə bağlı bir məsələni araşdırarkən müəllifin Freyd deyil, məşhur ingilis nevroloqu Con Hülinqs Cekson (John Hughlings Jackson, 1835-1911) olduğunu öyrənmiş oldum. Müasir nevrologiyanın qurucularından olan Ceksonu “İngilis nevrologiyasının atası” sayırlar. Onun nəzəriyyələri sonradan Freydə təsir göstərib. Aforizmi daha dəqiq olsun deyə elə Con Ceksonun öz sözləri ilə yazmaq yaxşıdır. O, belə yazırdı: Düşməninə nizə atmaq əvəzinə söyüş yağdıran ilk insan sivilizasiyanın banisidir. Müəllifin kim olduğunu müəyyən etdik, amma daha ciddi məsələ, zənnimcə, başqa şeydir. Mənə belə gəlir ki, “Bəşəriyyətin yaradıcısı” sözü çox da korrekt deyil; bu ifadə insanlığın xaliqi mənasına gəlir. Daha uğurlu variant “sivilizasiyanın banisi”dir. Ceksonun fikri ilk baxışda söyüşü ucaldan zarafat kimi görünür. Əslində isə burada insanlığın keçdiyi nəhəng bir mənəvi mərhələ ifadə olunmaqdadır: qəzəblənən insanın əli ilə silahı arasına sözün girməsi. İbtidai insan düşməninə nifrətini daş, nizə və ya yumruqla bildirirdi. Hiss və hərəkət arasında heç bir maneə yox idi. Qəzəb birbaşa zorakılığa çevrilirdi. Lakin bir gün insan zərbə vurmaq yerinə qəzəbini sözlə ifadə etdi. Qarşısındakını yaralamadı, öldürmədi; ona söydü. Söyüş burada ədəbsizlikdən daha böyük bir hadisənin əlamətidir: insanın daxilində baş verən zorakı impuls ilk dəfə fiziki hərəkətə deyil, dilə çevrilmişdi. Deməli, sivilizasiya insanın aqressiyadan tamamilə xilas olduğu gün başlamadı. İnsanlıq aqressiyasını başqa vasitəyə keçirə bildiyi gün başladı. Daşın yerini söz, qarşıdurmanın yerini mübahisə, intiqamın yerini hökm, şəxsi gücün yerini qanun tutdu. Məhkəmə, parlament, diplomatiya, hətta ədəbiyyat da müəyyən mənada həmin ilkin dönüşün davamıdır: insan öldürmək əvəzinə danışır, vurmaq əvəzinə ittiham edir, hücum etmək əvəzinə dəlil gətirir. Bu fikrin paradoksu ondadır ki, söyüş özü mədəni davranış sayılmır. Lakin daşla müqayisədə söyüş artıq sivilizasiyaya doğru addımdır. O, insanın yaxşılaşdığını deyil, özünü saxlamağı öyrənməyə başladığını göstərir. Sivilizasiya insan təbiətindəki zorakılığı yox etmir; onu cilovlayır, qaydaya salır və sözə çevirir. Freydin bu fikri sitat gətirməsinin səbəbi də məhz budur. Onun üçün söz sadəcə düşüncəni ifadə edən vasitə deyildi; söz hərəkətin əvəzedicisi, insanın daxilində yığılan enerjinin zorakılığa çevrilmədən boşaldılması yolu idi. Psixoanalizin “danışaraq müalicə” prinsipi də buradan doğurdu: dilə gətirilən ağrı insanın daxilində kor qüvvə kimi fəaliyyət göstərməkdən qismən çıxır. Ancaq Ceksonun fikrinin başqa, daha narahatedici tərəfi də var. Daş sözə çevrilə bildiyi kimi, söz də yenidən daşa çevrilə bilər. Təhqir nifrətə, nifrət təbliğata, təbliğat isə zorakılığa yol aça bilər. Buna görə sivilizasiyanın həqiqi ölçüsü insanın sadəcə silahı yerə qoyması deyil; sözü də silah kimi işlətməməyi öyrənməsidir. Ceksonun dahiyanə aforizmini bir cümlə ilə belə açmaq olar: Sivilizasiya insanın içindəki vəhşiliyin yox olması ilə deyil, aqressiyanı fiziki hərəkətdən sözə keçməsi ilə başlayır; zorakılıq yox olmur, lakin dilin içinə köçür. @ibrahim_nebioglu
без подписи
"Kitab Adam" layihəsindən
без подписи
без подписи
без подписи
без подписи
🌌 12 AVQUST 2026: GÖYLƏRDƏ ŞÖLƏN VAR BU GÜN 24 saat ərzində üç nəhəng astronomik hadisə — planetlər, tutulma və meteor yağışı. Yeni Ay sayəsində bu il Perseidlər əvvəlki illərdən daha möhtəşəm olacaq. 🪐 6 Planetin Birləşmisi (Səhər) Yupiter, Merkuri, Mars, Uran, Saturn və Neptun səhər tezdən, günəşdən əvvəl eyni göy sahəsində sıralanacaq. Şimal yarımkürəsində 30–60 dəqiqə əvvəl şərq istiqamətinə baxın. → Ən yaxşı vaxt: Günəşdən 40–60 dəq əvvəl 🌑 Tam Günəş Tutulması (Günorta/Axşam) Qrenlandiya, İslandiya, İspaniya və Portuqaliyada Günəş tamamilə örtüləcək. Maksimum 2 dəq 18 san. davam edəcək. Avropada 1999-cu ildən bəri ilk tam tutulma. → Totallıq yolu: Arktika → İspaniya ☄️ Perseid Meteor Yağışı (Gecə) 12–13 avqust gecəsi pik həddə çatacaq. Yeni Moon olduğundan göy tamamilə qaranlıq olacaq. Təmiz göydə saatda 90+ meteor görünə bilər. → Radiant: Persey bürcü • Saat 00:00–sübh arası 🌙 Yeni Ay (17:37 UTC) Bu, meteor yağışı və digər zəif göy cisimlərinin müşahidəsi üçün ideal şərait yaradır. 📍 Şimali İspaniya (Zaragoza/Burgos) — üç hadisəni də izləmək üçün dünyanın ən yaxşı məkanıdır. #Astronomiya #Perseid #GünəşTutulması #PlanetBirləşməsi #12Avqust2026
без подписи
без подписи
без подписи
Səhər açılanda esse bitmişdi. Qarşımda artıq restoranın küncündəki köhnə radio yox idi. Eyfel qülləsinin zirvəsindən Gəncəyə uzanan görünməz bir xətt vardı. O xəttin bir ucunda Avropanın qarşısında Azərbaycanın varlığını sübut etməyə çalışan Əlimərdan bəy Topçubaşov, o biri ucunda ilk radioteleqramı qəbul edən gənc respublika dayanırdı. Aradan keçən bir əsr ərzində dövlətlər dəyişmiş, imperiyalar dağılmış, rabitə vasitələri köhnəlmişdi. Amma həmin teleqramın mənası köhnəlməmişdi. Çünki dalğanın yaddaşı onun havada nə qədər qalması ilə deyil, çatdığı yerdə nəyi dəyişməsi ilə ölçülür. 1919-cu ilin noyabrında Parisdən Gəncəyə çatan o dalğa bizə bir həqiqəti xatırlatmaqda davam edir: müstəqillik yalnız torpağa sahib olmaq deyil, öz sözünə, öz səsinə və o səsin keçdiyi yola sahib olmaqdır.
Gəncədə radiostansiyanın yaradılması da bu baxımdan təsadüfi deyildi. Cümhuriyyət parlament, hökumət və ordu ilə yanaşı, öz rabitə və informasiya sistemini qurmağa çalışırdı. İnternetin, peyklərin və rəqəmsal şəbəkələrin olmadığı bir dövrdə onun qurucuları anlayırdılar ki, dünyaya çıxan yol yalnız dəniz limanlarından və dəmir yollarından keçmir. Bu yol görünməyən radio dalğalarının məkanından da keçir. Bu gün “informasiya suverenliyi” adlandırdığımız anlayışın ilk cizgiləri bəlkə də elə həmin günlərdə çəkilirdi. Ərazi suverenliyi gözlə görünür: xəritədə sərhədləri, şəhərləri, yolları var. İnformasiya suverenliyi isə görünmür. Lakin dövlətlərin taleyini çox vaxt məhz bu görünməyən xətlər müəyyənləşdirir. Öz xəbəri üzərində iradəsi olmayan ölkənin öz gələcəyi üzərində iradəsi də gec-tez zəifləyir. Bir əsrdən artıq vaxt keçib. Teleqraf dirəklərini peyklər, Morze aparatlarını rəqəmsal şəbəkələr, lampalı radioları cibimizdə gəzdirdiyimiz kiçik ekranlar əvəz edib. Lakin məsələ dəyişməyib. Bu gün informasiya sərhədləri dövlət sərhədləri qədər əhəmiyyətlidir. Bir vaxtlar xəbərin hansı naqildən keçdiyi mühüm idisə, indi məlumatın hansı şəbəkədə saxlandığı, hansı alqoritmlə yayıldığı, hansı mərkəzdən idarə edildiyi mühümdür. Texnologiya dəyişib, sual isə əvvəlki kimi qalıb: bir xalq öz sözünün sahibidirmi? Topçubaşov həmin gün Eyfel qülləsində tək görünə bilərdi. Arxasında nə böyük dövlətin hərbi qüdrəti, nə də əsrlərlə qurulmuş diplomatik aparat vardı. Lakin min kilometrlərlə uzaqdakı Gəncə ilə görünməyən dalğalar vasitəsilə bağlanan adam artıq tək deyildi. Onun arxasında müstəqil yaşamaq iradəsini yenicə dövlətə çevirmiş bir xalq dayanırdı. Bəzən diplomatiyanın açdığı yolu fizika tamamlayır: bir qapını siyasət açır, sözü mənzilə dalğa çatdırır. Rafael müəllim danışdıqca otağın küncündəki köhnə radio sovet məişətindən qalmış adi bir əşya olmaqdan çıxırdı. Onun taxta korpusunda Eyfel qülləsinin metal soyuğu, şüşə lampalarında Morze aparatlarının işığı, şkalasındakı “Париж” və “Баку” arasında isə Topçubaşovun diplomatik mübarizəsi görünürdü. Əşyanın yaşı birdən-birə onun istehsal tarixindən çox-çox əvvələ gedib çıxmışdı. Onda bir daha anladım ki, tarix həmişə arxiv qovluqlarında və kitab səhifələrində yaşamır. Bəzən bir lampanın solğun işığında, köhnə taxtanın qoxusunda, radio düyməsinə toxunmuş naməlum barmaqların izində yaşayır. Bəzən də restoranın bir küncündə unudulmuş cihaz doğru adamın baxışı ilə yenidən danışmağa başlayır. Yemək çoxdan bitmişdi, amma söhbət bitmirdi. Masadakı qablar dəyişir, çay təzələnir, gecə Bakının küçələrinə enirdi. Biz tarixdən, ədəbiyyatdan, radiodan, səsin və sözün taleyindən danışdıq. Rafael müəllimin biliyində məni həmişə heyrətləndirən bir xüsusiyyət var: o, faktı danışıb keçmir, faktın içində yaşayan insanı da göstərir. Buna görə onun söylədikləri tarix dərsi kimi deyil, uzaqdan gəlib sənə toxunan bir xatirə kimi yadda qalır. Gecənin sonunda Rafael müəllimlə şəkil çəkdirdik. Fotoaparat bir anı saxladı: yan-yana dayanmış iki adamı, gecənin yorğunluğunu, yaxşı söhbətdən qalan işığı. Ancaq şəklin çərçivəsinə düşməyən başqa bir şey də vardı — köhnə radionun açdığı yol. Bakıdakı bir restoranın otağından başlayan bu yol Parisə, Eyfel qülləsinin zirvəsinə qalxmış, oradan Gəncəyə enmiş, bir əsri keçərək yenidən həmin otağa qayıtmışdı. Evə çatanda yata bilmədim. Söhbətin ayrı-ayrı cümlələri, radio şkalasındakı şəhər adları və Eyfel qülləsindən Gəncəyə uçan o radioteleqram fikrimdən çıxmırdı. Yazı masasının arxasına keçdim. Pəncərənin o üzündə Bakı gecəsi yavaş-yavaş sübhə çevrilirdi. Mən isə bir neçə saat əvvəl gördüyüm taxta qutunun içindən bütöv bir dövrün necə oyandığını yazmağa başladım.
Eyfel qülləsi isə o zaman yalnız romantik Parisin rəmzi deyildi. Birinci Dünya müharibəsi illərində onun radioteleqraf stansiyası Fransa üçün strateji əhəmiyyət daşıyırdı. Qüllənin hündürlüyü uzaq məsafələrdən gələn siqnalları qəbul etməyə, hərbi məlumatları ötürməyə və düşmən radioteleqramlarını izləməyə imkan verirdi. Metal sütunların arasından keçən payız küləyi Morze aparatlarının aramsız cırıltısına qarışırdı. Parisin üzərində ucalan bu nəhəng dəmir qurğu, əslində, dövlətin görünməyən sinir sisteminin mühüm düyünlərindən biri idi. 1919-cu ilin noyabrında həmin radiostansiyaya Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov gəlir. O vaxta qədər aylarla memorandumlar yazmış, qapılar döymüş, görüşlər gözləmişdi. Paris Sülh Konfransına yollanan Azərbaycan nümayəndə heyətinin qarşısında asan vəzifə yox idi: Avropanın siyasi mərkəzlərinə yeni yaranmış bir dövlətin yalnız adını deyil, mövcud olmaq haqqını anlatmalı idi. Xəritələr açılır, tarixi arayışlar təqdim edilir, neftdən, sərhədlərdən, əhalidən, təhlükələrdən danışılırdı. Lakin bütün bu sənədlərin arxasında bir əsas tələb dayanırdı: Azərbaycan öz taleyini özü müəyyən etmək istəyirdi. Topçubaşov Eyfel qülləsinə turist kimi qalxmırdı. O, bir il əvvəl müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi doğulmuş dövlətin siyasi iradəsini təmsil edirdi. Azərbaycan hələ böyük dövlətlər tərəfindən rəsmən tanınmamışdı. Buna baxmayaraq, öz parlamentini yaratmış, hökumətini qurmuş, ordusunu formalaşdırmış, təhsil və mətbuat müəssisələrini təsis etmişdi. İndi isə dünyaya öz səsi ilə çıxmaq istəyirdi. Radioteleqrafiya həmin dövrdə sadəcə texniki yenilik deyildi. Müharibə onun hərbi və siyasi gücünü hamıya göstərmişdi. Xarici ölkəyə göndərilən hər siqnal dövlət nəzarətindən keçir, radiostansiyalara giriş ciddi qaydalarla tənzimlənirdi. Buna görə Fransa radioteleqraf infrastrukturundan gənc Azərbaycan dövlətinin nümayəndəsinə istifadə imkanı verilməsi yalnız texniki rahatlıq sayıla bilməzdi. Bu, diplomatiyanın görünməyən, lakin son dərəcə mühüm jesti idi. Hadisənin əsl mənası Topçubaşovun Eyfel qülləsinə qalxmasında deyil. Əsas məna onun imperiyaların naqillərindən kənara çıxmasındadır. XIX əsrin teleqrafı həmişə kiminsə torpağından keçirdi. Bakıdan yola çıxan xəbər Tiflisə, oradan Rostova, Moskvaya, Varşavaya, Berlinə gedirdi. Hər sərhəd yeni nəzarət nöqtəsi, hər teleqraf dirəyi başqa bir hakimiyyətin kölgəsi demək idi. Xəbərin yolu onun məzmunu qədər siyasi idi. Naqilə sahib olan, sözün keçəcəyi yolu da müəyyənləşdirirdi. Radio isə dirək tanımırdı. Dalğanın pasportu yox idi; sərhəddə onu saxlayan gömrük məntəqəsi də yox idi. 1919-cu ilin noyabrında Eyfel qülləsindəki radiostansiyadan Gəncəyə göndərilən radioteleqram buna görə sadəcə rabitə tarixinin maraqlı bir epizodu deyil. Orada insan səsi ötürülmürdü. Morze əlifbasının nöqtə və tireləri radio dalğalarına çevrilərək min kilometrlərlə uzağa göndərilirdi. Ancaq həmin işarələrin içində texniki məzmundan daha böyük bir məna vardı: Azərbaycan dövləti öz sözünü dünyaya çatdırmağın yeni yolunu açırdı. Topçubaşov Gəncə radiostansiyasının fəaliyyətə başlaması münasibətilə Vətənə təbrik göndərirdi. Bu teleqramda gənc respublikanın iqtisadi və mədəni tərəqqisinə inam ifadə olunurdu. O, sadəcə bir cihazın işləməyə başlamasını xəbər vermirdi; Azərbaycanı gələcəyə bağlayan görünməz bir xəttin çəkildiyini bildirirdi. Əslində, söhbət yalnız bir teleqramdan getmirdi. 1918-ci ildə qurulmuş Cümhuriyyət eyni vaxtda iki görünməyən cəbhədə mübarizə aparırdı. Birində ordu torpağı qoruyurdu, digərində dövlət öz sözünü. Çünki müstəqillik yalnız sərhədlərin çəkilməsi, bayrağın qaldırılması və hökumətin qurulması ilə tamamlanmır. Siyasi iradə o zaman həqiqi məna qazanır ki, dövlət öz adından danışa və dediyini başqasının icazəsinə möhtac qalmadan ünvanına çatdıra bilsin.
EYFEL QÜLLƏSİNDƏN GƏNCƏYƏ Dalğaların yaddaşı Akademik Rafael Hüseynova Bəzən bir yazının nə vaxt başladığını dəqiq bilirsən. İlk cümləni yazdığın anı deyil, həmin cümləni səndən əvvəl içinə salan anı. Bakıda dostlarımla axşam yeməyində görüşəcəkdik. Vədələşdiyimiz vaxtdan xeyli əvvəl gəlib bizə ayrılmış otaqda tək oturdum. Divarlar boyunca köhnə samovarlar, mis dolçalar, xalçalar, naxışlı sinilər və taxta sandıqlar düzülmüşdü. Bunların çoxu artıq gündəlik vəzifəsini başa vurmuş, bir restoranın dekoruna çevrilmişdi. Ancaq otağın küncündəki antikvar radio başqa cür görünürdü. Elə bil bura bəzək üçün gətirilsə də, keçmişindən əl çəkməmişdi. “Rīgas Radio Rūpnīca” zavodunun istehsalı olan taxta korpuslu qədim radioqəbuledici idi. Lakının parlaqlığı illər ərzində solmuş, ön tərəfdəki parça saralmış, iri düymələrinin kənarları saysız-hesabsız toxunuşdan hamarlanmışdı. Qarşısında bir qədər dayanandan sonra onu cansız məişət əşyası kimi görmək çətinləşirdi. Çünki lampalı radioların öz təbiəti, hətta öz xasiyyəti vardı. Onu işə salanda səs dərhal gəlməzdi. İçəridəki şüşə lampalar əvvəlcə mis rənginə çalan işıqla asta-asta qızar, taxta gövdə isinər, sonra haradansa zəif bir xışıltı eşidilərdi. Elə bil radio danışmazdan əvvəl nəfəsini nizama salırdı. Transistorların soyuq çevikliyi onda yox idi. O tələsmirdi; sanki hər sözü istilikdən yoğurub sonra otağa buraxırdı. Şkalanın üzərində nazik bir işıq xətti və onun boyunca şəhər adları uzanırdı: Баку. Москва. Минск. Варшава. Прага. Париж. Лондон... Bu, sadəcə coğrafi adların siyahısı deyildi. Hər ad uzaqlara açılan bir pəncərə idi. Adam düyməni yavaşca fırlatdıqca şəhərlər arasında deyil, görünməyən dalğaların içində hərəkət edirdi. Otağından çıxmadan dünyanın nəfəsini dinləyə bilirdi. Lampalı radio buna görə evin baş tərəfində duran adi bir məişət əşyası sayılmazdı. O, evin akustik ocağı idi. Qış axşamlarında ailələr onun ətrafına yalnız xəbər eşitmək üçün toplaşmırdılar. Radiodan gələn səslər evdəkilərin baxışlarına, üz ifadələrinə, sevincinə və narahatlığına qarışır, tədricən ailə yaddaşının bir hissəsinə çevrilirdi. Müharibənin başlandığını da, bitdiyini də o xəbər verirdi. Uzaq bir şəhərdə səslənən musiqini, bir şairin oxuduğu şeiri, bir dövlət adamının müraciətini evin içinə o gətirirdi. Bəzən düşünürəm ki, radio heç vaxt yalnız musiqi və söz daşımayıb. O, zamanın özünü daşıyıb. Dalğalar bizi keçmişə aparmır; keçmişdən qalan bir səsi, bir həyəcanı, bəzən də bütöv bir xalqın ümidini gətirib bu günümüzə çatdırır. Dostlarım bir-bir gəldilər. Bir qədər sonra qapı açıldı və akademik Rafael Hüseynov otağa daxil oldu. Onun illər əvvəl oxuduğum “Teleqüllə boyda şahid” essesi dərhal yadıma düşdü. Köhnə radionu Rafael müəllimə göstərdim. Cihaza yaxınlaşdı, şkalanın üzərindəki şəhər adlarını aramla oxudu: Баку... Москва... Минск... Варшава... Прага... Париж... Лондон... Tarixlə uzun illər üz-üzə yaşayan insanların əşyalara baxışı başqadır. Onlar əşyanın yalnız formasını deyil, taleyini görürlər. Başqasının nəzərində köhnə taxta qutu olan bir radio tarixçinin gözündə öz dövrünə açılan qapıya çevrilir. Rafael müəllim də həmin radioya baxarkən onun markasından və yaşından daha uzağa getdi. Parisdən, Eyfel qülləsindən, Əlimərdan bəy Topçubaşovdan və Gəncəyə göndərilən radioteleqramdan danışmağa başladı. O danışdıqca şkalanın üzərindəki “Париж” sözü işıqlanırmış kimi görünürdü. Bakıdakı isti otaqdan 1919-cu ilin soyuq Parisinə görünməyən bir yol açılırdı. Paris həmin payız tamam başqa şəhər idi. Birinci Dünya müharibəsinin ağır nəfəsi küçələrdən hələ çəkilməmişdi. Sülh Konfransının salonlarında yeni dövlətlərin taleyi müzakirə olunur, süqut etmiş imperiyaların yerində sərhədlər yenidən cızılırdı. Avropanın siyasi xəritəsi kağız üzərində dəyişirdi, lakin həmin xətlərin arxasında milyonlarla insanın həyatı, qorxusu və gələcəyi dayanırdı.
https://modern.az/az/news/734608/er-100-qocaligi-geri-cevirmek-cehdi/
Əgər belədirsə, gələcəyin təbabəti yalnız xəstə orqanı dəyişdirməyə çalışmayacaq. Bir gün hüceyrənin xatirə dəftərini açıb orada zamanın pozduğu qeydləri düzəltməyə də cəhd edəcək. ER-100 hələ bu suala cavab deyil. Amma artıq sualın özü dəyişib: insan nə qədər yaşaya bilər deyil, hüceyrə öz gəncliyini nə qədər xatırlaya bilər? https://t.me/ibrahim_nebioglu
ER-100 Hüceyrənin xatirə dəftəri və ya qocalığı geri çevirmək cəhdi İnsan min illərdir ölümsüzlüyün yolunu axtarır. Qədim hökmdarlar həyat iksiri içirdi, kimyagərlər əbədi gəncliyin formulunu axtarırdılar. XXI əsrdə isə elm sualı dəyişib: insanı ölümsüz etmək mümkündürmü yox, qocalmış hüceyrəyə onun bir vaxtlar necə gənc olduğunu “xatırlatmaq” mümkündürmü? ER-100 adlı eksperimental gen terapiyasının arxasında duran fikir məhz budur. 2026-cı ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) Life Biosciences şirkətinin ER-100 preparatını insanlarda klinik sınaqdan keçirməsinə icazə verdi. Bu, preparatın müalicə vasitəsi kimi təsdiqlənməsi deyil. İlk sınaqlar bəzi görmə siniri xəstəliklərində onun təhlükəsizliyini araşdıracaq. Ancaq təcrübənin elmi mənası göz xəstəliklərindən daha genişdir: ER-100 qocalmış hüceyrələrin müəyyən xüsusiyyətlərini daha gənc vəziyyətə qaytarmağa çalışan yeni biotexnologiyalardan biridir. Bunun əsasında epigenetik yenidən proqramlaşdırma dayanır. Orqanizmimizin hüceyrələrinin böyük əksəriyyətində eyni DNT var. Buna baxmayaraq, biri neyron, digəri əzələ, üçüncüsü dəri hüceyrəsidir. Çünki fərq yalnız genlərdə deyil, hansı genlərin nə zaman işləməsindədir. Bu sistemi idarə edən mexanizmlərin mühüm hissəsinə epigenetika deyirik. Sadə dillə desək, DNT-ni böyük bir kitab kimi təsəvvür etmək olar. Epigenetik sistem isə həmin kitabın kənarındakı qeydlərdir: hansı səhifəni açmaq, hansını bağlamaq, hansı cümləni oxumaq lazımdır. Yaşlandıqca bu “qeydlər” də dəyişir. ER-100-ün arxasındakı cəsarətli fikir budur: əgər hüceyrənin genetik kitabı hələ yerindədirsə, bəlkə qarışmış qeydlərin bir hissəsini düzəltmək mümkündür? Bu yanaşmanın elmi kökləri Nobel mükafatı laureatı Şinya Yamanakanın kəşflərinə gedib çıxır. Yamanaka göstərmişdi ki, müəyyən faktorların köməyi ilə yetkin hüceyrəni daha ilkin vəziyyətə qaytarmaq mümkündür. Problem ondadır ki, hüceyrəni həddindən artıq “geri aparanda” onun kimliyini də itirmək olar. ER-100 buna görə tam deyil, qismən yenidən proqramlaşdırma ideyasından istifadə edir. Burada OCT4, SOX2 və KLF4 adlı üç faktör (qısaca OSK) vasitəsilə hüceyrənin müəyyən epigenetik xüsusiyyətlərini daha gənc vəziyyətə yönəltmək nəzərdə tutulur. Məqsəd hüceyrəyə “kim olduğunu unut” demək deyil. Məqsəd sanki ona “kim olduğunu xatırla” deməkdir. Bu mövzunun artıq laboratoriyadan böyük siyasətin dilinə keçməsi də maraqlıdır. 2025-ci ilin sentyabrında Pekində hərbi parad zamanı Vladimir Putin və Si Cinpinin açıq mikrofona düşən söhbətində biotexnologiya, orqan transplantasiyası, ömrün uzadılması və hətta insanın 150 il yaşaması ehtimalı müzakirə olunurdu. Burada mediada zaman-zaman qarşıya çıxan bir rəqəmə də ehtiyatla yanaşmaq lazımdır: Putinlə Si Cinpinin guya 140 milyard dollarlıq ortaq anti-aging və ya biotexnologiya proqramı yaratdığı barədə etibarlı təsdiq yoxdur. 140 milyard rəqəmi Rusiya-Çin ticarətinin əvvəlki illərdəki həcmi və Çin biotexnologiya sektorunda müxtəlif sövdələşmələrin ümumi dəyəri kimi başqa statistik göstəricilərlə əlaqədar işlədilib. Bunları konkret “ölümsüzlük layihəsi” kimi təqdim etmək elmi məqaləni sensasiyaya çevirər. Əslində sensasiyaya ehtiyac da yoxdur. Dünyanın iki böyük dövlətinin rəhbərinin artıq neftdən, silahdan və kosmosdan başqa insan ömrünün bioloji sərhədlərini müzakirə etməsi özü kifayət qədər düşündürücüdür. XX əsrin böyük yarışı atomun içində gizlənmiş enerjiyə sahib olmaq uğrunda gedirdi. XXI əsrin yarışlarından biri isə hüceyrənin içində gizlənmiş zamana sahib olmaq uğrunda gedə bilər. ER-100 hələ ölümsüzlük dərmanı deyil. Onun insan ömrünü uzatdığı da sübut edilməyib. Qarşıda klinik sınaqlar, təhlükəsizlik məsələləri və cavabsız suallar var. Lakin bu texnologiyanın ortaya qoyduğu fikir nəticəsindən daha böyük ola bilər. Bəlkə qocalıq yalnız hüceyrələrin köhnəlməsi deyil. Bəlkə onun müəyyən hissəsi hüceyrənin öz bioloji proqramını düzgün “oxumaq” qabiliyyətinin pozulmasıdır.
без подписи