Topchubashov Center 📜
СтатистикаBakıda yerləşən Topçubaşov Mərkəzi komandası hər gün dünya mediasının ən aktual analitik baxışlarını sizinlə bölüşür.
- Последний пост
- 10 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 1
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 161
- 1/48двое суток
- 184
- 1/72трое суток
- 198
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
🇮🇱 “Israel Hayom” nəşrinin dərc etdiyi məqalədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə sazişinin Yaxın Şərqdə yaratdığı yeni geosiyasi və təhlükəsizlik reallığı təhlil olunur. İslam dünyasının müqəddəs məkanlarına ev sahibliyi edən Səudiyyə Ərəbistanı, nüvə silahına malik Pakistan və NATO üzvü Türkiyəni bir araya gətirən bu müdafiə anlaşmasının Yaxın Şərqdə qüvvələr balansını dəyişdirəcəyi, silahlanma yarışını daha da sürətləndirəcəyi bildirilir. Məqalədə qeyd olunur ki, saziş ABŞ-nin regiondakı çəkindiricilik siyasətinin zəifləməsi fonunda formalaşıb. Vaşinqtonun İranla bağlı son aylardakı ehtiyatlı və tərəddüdlü siyasəti regional dövlətlərdə təhlükəsizlik narahatlıqlarını artıraraq onları alternativ strateji tərəfdaşlar axtarmağa sövq edib. Saziş kollektiv müdafiə mexanizmi kimi təqdim olunsa da, NATO-dakı qarşılıqlı müdafiə maddəsinə bənzər öhdəliyin real hərbi müdaxiləyə zəmanət vermədiyi vurğulanır. Həmçinin Pakistanın tərəfdaşlarına nüvə çətiri təqdim edəcəyinə dair hələlik konkret göstərici yoxdur. Saziş həmçinin Türkiyəni İsrail üçün İran qədər əhəmiyyətli təhlükəyə çevirir. Ankara bu ittifaq vasitəsilə Körfəzdə təsirini artırmağa və İsrailə həm diplomatik, həm də hərbi baxımdan təzyiq göstərməyə çalışa bilər. Türkiyə və Pakistan münasibətlərində müdafiə sənayesi xüsusi əhəmiyyət daşıyır. Ankara Pakistanın əsas silah təchizatçılarından birinə çevrilib və iki ölkə hazır silahların alınmasından daha çox, birgə texnologiya və hərbi platformaların hazırlanmasına yönəlir. Pakistanın Türkiyənin KAAN qırıcı layihəsinə qoşulması da bu əməkdaşlığın dərinləşməsinin göstəricisi kimi təqdim edilir. Yeni üçtərəfli əməkdaşlığa cavab olaraq İsrail üçün fərqli paralel strateji istiqamət təklif olunur. İlkin istiqamət artıq mövcud olan İsrail,Yunanıstan və Kipr əməkdaşlığının gücləndirilməsidir. Mövcüd format Türkiyənin Aralıq dənizində və Suriyada artan təsirinə qarşı balans yarada bilər. Digər bir istiqamət isə İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan arasında strateji üçbucağın formalaşdırılmasıdır. Türkiyənin regional təsirinin genişlənməsindən narahat olan BƏƏ İsraillə müdafiə və strateji əməkdaşlığını davam etdirir. Hindistan isə həm Pakistanın hərbi imkanlarının artmasından, həm də Türkiyənin Cənubi Asiyada təsirini genişləndirməsindən narahatdır. Nəticə olaraq belə qənaətə gəlinir ki, üç dövlət arasında hələ tam formalaşmış blok və institusional baxımdan möhkəm bir hərbi ittifaq kimi olmasa da, lakin siyasi mesaj baxımından regionda güc balansının dəyişdiyini göstərir. Regionda güc balansının dəyişməsindən narahat olan İsrail, BƏƏ və Hindistanın isə texnologiya, kəşfiyyat, müdafiə sənayesi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməsi yeni yaranan bloka qarşı strateji balans yarada bilər. Məqalənin tam versiyası: https://www.israelhayom.com/2026/08/10/israels-answer-to-the-muslim-nato/
🔥 Ağdərə əməliyyatı: Papravənd-Sırxavənd-Canyataq cəbhəsi | Tural Həsənqarayev "2023-cü il sentyabrın 19-da günorta saatlarında Azərbaycan Ordusu Papravənd istiqamətində toplaşaraq “Puşkin yalı” adlandırılan erməni mövqelərinə qarşı hücuma başladı. Təxminən saat 11 radələrində erməni bölmələri hərəkətliliyi müşahidə etdikləri üçün hücumdan əvvəl ehtiyat qüvvələr ön xəttə gətirildi." 🔗 Məqalənin tam versiyası: https://top-center.org/az/tehlil/3949/agdere-emeliyyati-papravend-sirxavend-canyataq-cebhesi
🇦🇲🇦🇿 Azərbaycan-Ermənistan normallaşması prosesi Ermənistan seçkilərindən sonra - TƏHLİL | Rusif Hüseynov Məqalənin tam versiyası: https://top-center.org/az/analytics/3948/armeniaazerbaijan-normalization-process-after-the-armenian-election-what-comes-next
🇦🇲🇹🇷 Benyamin Poqosyanın “Global Panorama" saytında yayımladığı məqalədə Ermənistandakı 2026-cı il parlament seçkilərindən sonra Ankara-İrəvan münasibətlərinin normallaşması perspektivləri təhlil olunur. Müəllif qeyd edir ki, 4 iyun 2026-cı ildə Ermənistan və ABŞ arasında TRIIP üzrə çərçivə sazişinin imzalanması və 7 iyun parlament seçkilərində hakim "Vətəndaş Müqaviləsi" partiyasının qələbəsi normallaşma istiqamətində böyük addımlar olmuşdur. Bununla belə, bu proses gözlənildiyi qədər dinamik şəkildə irəliləmir. Bunun əsas səbəbi Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi tələbində israrıdır. Mübahisə Konstitusiyasının preambulasında Ermənistanın Dağlıq Qarabağı birləşdirilməsinə və Müstəqillik Bəyənnaməsinə istinad edən müddəalarla bağlıdır. Məqalədə vurğulanır ki, Ermənistan hökuməti Konstitusiyasının dəyişdirilməsini və 2026-cı ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini bildirmişdir. Lakin iqtidar bunun üçün parlamentdə tələb olunan səs çoxluğunu əldə edə bilməmişdir. Konstitusiya dəyişikliyi referenduma çıxarılmalıdır və ictimai etirazlar səbəbindən onun qəbul olunacağına zəmanət yoxdur. Bu vəziyyət Ermənistan-Türkiyə normallaşmasını çətinləşdirir və Ankara hesab edir ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalanmadan bu iki dövlət arasındakı münasibətlərdə irəliləyiş mümkün deyil. 2022-ci ildə tərəflər arasında müəyyən razılaşmalar əldə edilmiş, nümayəndələr bir neçə dəfə görüşmüş və Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə etmişlər. Lakin sərhədləd hələ də bağlıdır və ciddi irəliləyiş əldə olunmayıb. Müəllif vurğulayır ki, regionda Konstitusiya dəyişikliyi Ermənistan-Azərbaycan normallaşması sülh sazişi və Ermənistan-Türkiyə normallaşması bir-birindən asılı olduğu üçün “qapalı dairə” yaranıb və Vaşinqtonda əldə olunan dinamikanı zəiflətmə təhlükəsi yaradır. ABŞ-da keçiriləcək aralıq seçkiləri bu proses üçün məhdudiyyət yarada bilər. Qapalı dairənin qırılmasının 2 real çıxış nöqtəsi mövcüddur: Birincisi Azərbaycan Konstitusiya dəyişikliyindən imtina etməsi və sazişi imzalayıb ratifikasiya etməsidir. İkincisi isə, Türkiyənin 2022-ci il iyul razılaşmasının həyata keçirməsi və Ermənistanla tam normallaşmaya başlamasıdır. İkinci yolu seçəcəyi təqdirdə, Türkiyə əhəmiyyət verdiyi regional enerji və nəqliyyat qovşağı rolunu daha da gücləndirə bilər. Müəllifə görə, normallaşma Türkiyənin Cənubi Qafqazdakı ümumi təsir imkanlarını genişləndirər. Ankara Azərbaycanın müttəfiqi, Gürcüstanın isə strateji tərəfdaşı olmaq etibarı ilə, Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyindədir. İrəvanla normallaşma isə həm Brüssel, həm də Vaşinqton ilə əlaqələrini gücləndir bilər. Həm ABŞ, həm də Avropa İttifaqı Ermənistan-Türkiyə normallaşmasını və regional əlaqələrin inkişafını təsdəklədiyini bildirir. Gümrü-Qars dəmir yolunun yenidən qurulması regionun tam iqtisadi potensialını üzə çıxarmaq üçün mühim layihə olaraü hesab edirlər. Avropa İttifaqı isə Ermənistanla Strateji Tərəfdaşlıq Gündəliyino imzalamış, Qara dəniz regionu ilə Cənubi Qafqazda strateji nəqliyyat və əlaqəlilik layihələrini müəyyənləşdirmək üçün 2 milyard avroya qədər vəsait səfərbər edəcək bir platforma yaradıb. Ermənistanla normallaşma həmçinin Aİ-Türkiyə münasibətlərinə də müsbət təsir göstrər bilər. Nəticə etibarı ilə, ABŞ-da aralıq seçkilərindən əvvəlki dövr normallaşna üçün mühim əhəmiyyət kəsb edir və bu məqsədlə, Ermənistan-Türkiyə sammitinin keçirilməsi, diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsi vacib addımlar ola bilət. Əks halda, müəllif regionda uzunmüddətli qeyri-sabitlik və hərbi gərginlik riskinin artacağı barədə xəbərdarlıq edir. Məqalənin tam versiyası: https://www.globalpanorama.org/en/2026/07/sustaining-momentum-in-armenia-turkiye-normalization-after-armenias-parliamentary-elections-benyamin-poghosyan/
🇮🇷 Səlahiyyətsiz Nəzarət: İranın Hörmüz boğazını idarə etmək cəhdi - TƏHLİL | Emiliya İsmayılzadə Məqalənin tam versiyası: https://top-center.org/az/tehlil/3947/selahiyyetsiz-nezaret-iranin-hormuz-bogazini-idare-etmek-cehdi
🇺🇦 NATO-nun iki yollu çəkindirmə siyasəti: Ukraynaya dəstəyin Alyansın strategiyadasındakı yeri - TƏHLİL | Aslan Həsənli Məqalənin tam versiyası: https://top-center.org/az/tehlil/3946/nato-nun-iki-yollu-cekindirme-siyaseti-ukraynaya-desteyin-alyansin-strategiyadasindaki-yeri
🇮🇷 "Tehran regional təhlükəsizliyi risk altına qoya bilər, lakin öz iqtisadiyyatını ayaqda saxlayan Əmirliklərin təqdim etdiyi həyati əhəmiyyətli iqtisadi əlaqələrdən imtina etmək imkanına malik deyil." - TƏHLİL | Emiliya İsmayılzadə Məqalənin tam versiyası: https://top-center.org/az/analytics/3945/irans-strategic-dependence-on-emirati-commercial-infrastructure-amid-the-war
🇩🇪🇷🇺 "The Times" nəşrinin dərc etdiyi məqalədə Almaniya və Rusiya arasında qeyri-rəsmi təmasların mahiyyəti və bunun Avropanın təhlükəsizliyinə mümkün təsirləri təhlil olunur. Almaniyanın keçmiş yüksək vəzifəli siyasətçiləri, diplomatları və iri biznes nümayəndələri son aylarda Rusiya tərəfinin nümayəndələri ilə Bakı və Əbu-Dabi kimi şəhərlərdə bir sıra qapalı görüşlər keçiriblər. Bu görüşlərin məqsədi Ukraynada müharibə davam etdiyi şəraitdə Avropa ilə Rusiya arasında gələcək münasibətlərin perspektivlərini, müharibədən sonrakı təhlükəsizlik arxitekturasını və mümkün dialoq yollarını müzakirə etmək olub. Almaniya tərəfindən danışıqlarda keçmiş kansler Angela Merkelin administrasiyasının rəhbəri Ronald Pofalla, keçmiş Brandenburq əyalətinin baş naziri Matias Platsek və digər nüfuzlu şəxslər iştirak ediblər. Rusiya tərəfini isə Kremlin siyasi dairələrinə yaxın hesab olunan şəxslər, o cümlədən Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev və keçmiş baş nazir Viktor Zubkov təmsil ediblər. Rəsmi Berlin bu görüşlərlə heç bir əlaqəsinin olmadığını, onların dövlət siyasətini ifadə etmədiyini və Almaniyanın Ukraynaya dəstək, Rusiyaya qarşı sanksiyalar və Avropa İttifaqının ortaq mövqeyinə sadiq qaldığını bildirir. Məqalədə vurğulanır ki, sözügedən təmaslar vaxtilə Almaniya ilə Rusiya arasında dialoqu təşviq edən, lakin 2022-ci ildə Ukraynaya qarşı tam miqyaslı işğaldan sonra dayandırılan "Peterburq Dialoqu" formatının qeyri-rəsmi şəkildə bərpası kimi qiymətləndirilir. Görüş iştirakçıları hesab edirlər ki, müharibə nə qədər uzun çəksə də, gələcəkdə siyasi həll imkanlarının yaranması üçün müəyyən kommunikasiya kanallarının qorunub saxlanılması vacibdir. Hal-hazırda davam edən düşmənçilik mühiti gələcək siyasi danışıqların başlanmasını çətinləşdirə bilər. Bununla yanaşı, məqalədə Avropa ölkələrində bu təşəbbüsə münasibətin birmənalı olmadığı vurğulanır. Belə görüşlər Kremlin maraqlarına xidmət edə, Rusiyanın beynəlxalq təcridini zəiflədə və Avropa İttifaqı ilə NATO ölkələrinin vahid siyasətinə xələl gətirə bilər. Həmçinin Moskva bu cür qeyri-rəsmi təmaslardan Qərbdə fikir ayrılıqlarının yarandığını göstərmək üçün istifadə edə bilər. Nəticə olaraq belə qənaətə gəlinir ki, Avropada Rusiyaya münasibətdə gələcək strategiya ilə bağlı müzakirələr getdikcə aktuallaşır. Bir tərəf gələcək sülh danışıqları üçün dialoq kanallarının qorunmasının vacibliyini önə çəkdiyi halda, digər tərəf Rusiyanın siyasətində ciddi dəyişiklik baş vermədən hər hansı yaxınlaşmanın Avropanın təhlükəsizliyi baxımından riskli olduğunu hesab edir. Fikir ayrılıqları isə Avropanın gələcək təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərə biləcək əsas amillərdən birinə çevrilir. Məqalənin tam versiyası: https://www.thetimes.com/world/europe/article/russia-germany-talks-europe-eu-bb8b0vk3z
The Guardian platformasında dərc olunan məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın ianəçilərindən biri olan, Rusiya əsilli özəl kapital investoru Konstantin Sokolov ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz və Mərkəzi Asiyada ticarət, enerji infrastrukturu, nəqliyyat və kritik minerallar sahələrinə yönəlmiş 201 milyon dollarlıq TRIPP+ Enterprise Fund fondunun sədri təyin edilib. Müəllif vurğulayır ki, bu təyinat Tramp administrasiyasının siyasi donorları dövlət vəzifələrinə gətirməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Belə ki, Sokolov Trampın seçki kampaniyası və siyasi komitələrinə 12 milyon dollardan çox ianə edib və dövlət vəzifəsi alan son böyük donor olub. Məqalədə bildirilir ki, TRIPP+ (Trump Route for International Peace and Prosperity) təşəbbüsü Ermənistan, Azərbaycan və daha geniş Mərkəzi Asiya regionunda iqtisadi inteqrasiyanı və regional əlaqəliliyi gücləndirməyi hədəfləyir. Fond nəqliyyat dəhlizləri, enerji infrastrukturu, kritik minerallar və özəl sektor investisiyalarını maliyyələşdirəcək, həmçinin kreditlər, qrantlar və birbaşa investisiyalar təqdim edəcək. ABŞ vitse-prezidenti JD Vance bu təşəbbüsü regionda ticarət, tranzit və enerji axınlarını dəyişdirə biləcək “tarixi transformasiya” kimi qiymətləndirib. Müəllif qeyd edir ki, Sokolovun telekommunikasiya, enerji və infrastruktur sahələrində geniş biznes maraqları mövcuddur. O, Ermənistanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan Viva Armenia-nın səhmdarı olmaqla yanaşı, enerji və rəqəmsal bağlantı layihələrində iştirak edir. Bu isə onun rəhbərlik edəcəyi fondun investisiya qərarlarında mümkün maraqlar toqquşması barədə suallar doğurur. ABŞ Dövlət Departamenti isə fondun fəaliyyətinin müstəqil auditlər, illik hesabatlar və maraqlar toqquşmasının qarşısını alan hüquqi mexanizmlərlə tənzimlənəcəyini bildirib. Məqalədə həmçinin vurğulanır ki, ABŞ administrasiyası 2025-ci ildə Ermənistan və Azərbaycan arasında əldə olunan sülh razılaşmasından sonra regiona iqtisadi və strateji marağını əhəmiyyətli dərəcədə artırıb. Bu çərçivədə Ermənistanda nüvə energetikasına milyardlarla dollarlıq dəstək, ilk dəfə ABŞ istehsalı olan hərbi texnologiyaların satışı, eləcə də Azərbaycanı Naxçıvan, Ermənistan və Türkiyə ilə birləşdirəcək yeni nəqliyyat dəhlizlərinin maliyyələşdirilməsi istiqamətində addımlar atılıb. Müəllifin fikrincə, TRIPP+ fondunun yaradılması və Sokolovun bu fonda rəhbər təyin edilməsi ABŞ-ın Cənubi Qafqazı Avropa ilə Asiyanı birləşdirən strateji geoiqtisadi dəhliz kimi formalaşdırmaq niyyətinin və regionda uzunmüddətli iqtisadi-siyasi mövcudluğunu gücləndirmək strategiyasının tərkib hissəsidir. Məqalənin tam versiyası : https://www.theguardian.com/us-news/2026/jul/14/trump-ballroom-donor-central-asia-tripp
🇺🇸 "The Financial Times" nəşrinin dərc etdiyi məqalədə ABŞ-nin İran siyasəti və münaqişəsinin regional təhlükəsizliyə təsirləri təhlil olunur. Donald Trampın ikinci prezidentlik dövrünün xarici siyasət irsi əsasən İranla bağlı münaqişə ilə qiymətləndirilə bilər. Müharibənin yenidən başlaması ABŞ-nin çətin vəziyyətə salıb və Vaşinqtonun aydın qələbə strategiyası yoxdur. ABŞ rəsmiləri hazırda Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası və İranın nüvə proqramının yenidən məhdudlaşdırılması kimi məsələlərin üzərində dururlar. Lakin İranın Hörmüz boğazına nəzarət etmək və keçidlərdən rüsum toplamaq niyyəti bu məqsədlərə nail olmağı xeyli çətinləşdirir. ABŞ-nin hava zərbələrinin bu siyasəti dəyişdirəcəyi inandırıcı görünmür, quru əməliyyatı isə Vaşinqton üçün siyasi və hərbi baxımdan qəbul edilən seçim hesab olunmur. Məqalədə vurğulanır ki, İranın raket və pilotsuz uçuş aparatları sahəsində sürətlə inkişafı ABŞ və müttəfiqləri üçün əsas təhlükələrdən biridir. Tehran artıq regiondakı ABŞ bazalarını, Körfəz ölkələrinin enerji və nəqliyyat infrastrukturunu hədəfə ala bildiyini nümayiş etdirib. Həmçinin Rusiya və Çinin texnoloji dəstəyi ilə İranın silahları gələcəkdə daha uzaq mənzilli və dəqiq ola bilər. Bu isə İsrailin strateji obyektləri və ABŞ-nin Hind-Sakit okean bölgəsindəki hərbi bazaları üçün riskləri artırır və münaqişənin regional sərhədləri aşaraq daha geniş təhlükəsizlik probleminə çevrilməsi ehtimalını gücləndirir. Diplomatik danışıqların nəticəsiz qalması Vaşinqtonda yenidən rejim dəyişikliyi ideyasını gündəmə gətirib. ABŞ administrasiyası İranın neft ixracına qarşı sərt sanksiyaları bərpa etməklə ölkənin əsas gəlir mənbəyini zəiflətməyə çalışır. Eyni zamanda, İran daxilində hakimiyyətə qarşı narazılığı artırmaq, bəzi siyasi fiqurlarla əlaqələr qurmaq və etnik qruplardan istifadə imkanları da müzakirə olunur. Əvvəllər kənara qoyulan bu yanaşmalar indi diplomatik alternativlərin azalması fonunda yenidən nəzərdən keçirilir. ABŞ-nin İranı zəiflətmək cəhdləri yeni risklər yaradır. Qarşılıqlı hücumlar insan itkilərini artırır və Vaşinqtonu Yaxın Şərqdə uzunmüddətli münaqişəyə daha da cəlb edə bilər. Bundan əlavə, İranla müharibə ABŞ-nin raket və hava hücumundan müdafiə ehtiyatlarının əhəmiyyətli hissəsini tükəndirib. Hazırki vəziyyət ABŞ-nin digər mümkün böhranlara, xüsusilə Çinlə Tayvan ətrafında yarana biləcək qarşıdurmaya hazırlığını zəiflədə bilər. Nəticə olaraq belə qənaətə gəlinir ki, İran münaqişəsi təkcə regional problem deyil, həm də ABŞ-nin qlobal strateji mövqeyinə təsir göstərə biləcək uzunmüddətli təhlükədir. Məqalənin tam versiyası: https://www.ft.com/content/59f83b04-3c5a-41f3-b0b6-9238dd4186b8?syn-25a6b1a6=1
🇮🇷 "Bourse & Bazaar Foundation" nəşrinin dərc etdiyi məqalədə Hörmüz boğazında təhlükəsizliyin və dəniz nəqliyyatının idarə olunması üçün təklif edilən "Hormuz Fee" (Hörmüz rüsumu) təşəbbüsü təhlil olunur. Tətbiqi nəzərdə tutulan "Hörmüz rüsumu"nun hüquqi, iqtisadi və siyasi aspektləri, həmçinin rüsumun yalnız neft və qaz ixrac edən iri tankerlərə tətbiq edilməsinin mümkün təsirləri qiymətləndirilir. Bununla yanaşı, təşəbbüsün Fars körfəzi sahilyanı dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafına, regional təhlükəsizliyin möhkəmləndirilməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edəcək institusional platformaya çevrilə biləcəyi vurğulanır. İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hücumları bərpa etməsi dünyanın ən strateji dəniz keçidlərindən birinin təhlükəsizliyi və davamlı idarə olunması məsələsini yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevirib. Məqalədə vurğulanır ki, təklif edilən "Hörmüz rüsumu" boğazdan keçid hüququ üçün ödəniş kimi deyil, dəniz təhlükəsizliyi və ətraf mühitin mühafizəsi xidmətlərinin maliyyələşdirilməsi məqsədilə tətbiq olunan xidmət haqqı kimi qiymətləndirilməlidir. Belə bir mexanizm ABŞ–İran arasında əldə olunmuş kövrək atəşkəsin möhkəmlənməsinə və uzunmüddətli regional əməkdaşlığın təşviqinə töhfə verə bilər. Məqalədə vurğulanır ki, rüsumun Fars körfəzinə sahili olan səkkiz dövləti, yəni Bəhreyn, İran, İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən çoxtərəfli bir qurum tərəfindən idarə olunması təklif edilir. Oman beynəlxalq hüquqa hörmət etməklə yanaşı, İranın narahatlıqlarını da nəzərə alan kompromis həll yolu tapmağa çalışan əsas vasitəçi rolunu oynayır. Təklif tranzit rüsumundan deyil, Malakka boğazı və Türk boğazlarında tətbiq olunan modellərə bənzər xidmət əsaslı ödənişlərdən ibarətdir. Rüsum bütün ticarət gəmilərinə deyil, yalnız Fars körfəzi limanlarından neft və qaz ixrac edən iri tankerlərə şamil olunmalıdır. Bu gəmilər regional dəniz infrastrukturundan geniş istifadə etdikləri və ekoloji, eləcə də naviqasiya yükü yaratdıqları üçün simvolik məbləğdə əlavə ödəniş dəniz təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və dəniz idarəçiliyinin maliyyələşdirilməsinə xidmət edə bilər. Eyni zamanda, bu yanaşma Hörmüz boğazından sərbəst tranzit hüququnu məhdudlaşdırmır. İqtisadi baxımdan təklifin qlobal enerji bazarına təsiri olduqca məhdud olacaq. Rüsumdan illik təxminən 60 milyon ABŞ dolları gəlir əldə olunsa belə, bu məbləğ Hörmüz boğazı vasitəsilə ixrac edilən təxminən 600 milyard ABŞ dolları dəyərində neft və neft məhsullarının ümumi dəyərinin cəmi 0,01%-ni təşkil edəcək. Müəlliflər hesab edirlər ki, bu təşəbbüsün əsas əhəmiyyəti iqtisadi deyil, siyasi xarakter daşıyır, çünki əldə edilən gəlirlər ayrı-ayrı dövlətlərin mənfəətindən çox regional dəniz institutlarının fəaliyyətini dəstəkləməyə yönələcək. Nəticə olaraq belə qənaətə gəlinir ki, Hörmüz boğazının ortaq şəkildə idarə olunması İkinci Dünya müharibəsindən sonra Avropada yaradılmış Avropa Kömür və Polad Birliyinə bənzər etimad quruculuğu mexanizminə çevrilə bilər. Dəniz təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və regional idarəçilik sahəsində əməkdaşlığın institusionallaşdırılması gələcək münaqişələrin qarşısını almağa, iqtisadi qarşılıqlı asılılığı gücləndirməyə və Körfəz regionunda uzunmüddətli sabitliyi təşviq etməyə kömək edə bilər. Buna görə də regional və beynəlxalq aktorların bu təşəbbüsü rədd etmək əvəzinə, onu davamlı sülh və əməkdaşlığa aparan praktik addım kimi qiymətləndirməsi daha uyğun hesab edilir. Məqalənin tam versiyası: https://www.bourseandbazaar-substack.org/p/how-a-hormuz-fee-could-work
🇮🇷 “Al Majalla” nəşrində dərc olunan məqalədə İranın ali dini lideri Əli Xameneyinin ölümündən sonra ölkədə hakimiyyətin varisliyi, təhlükəsizlik dövlətinin gələcəyi və Müctəba Xameneyinin qarşılaşacağı siyasi çağırışlar təhlil edilir. Müəllif hesab edir ki, Əli Xameneyinin yaratdığı institusional idarəetmə modeli onun ölümündən sonra da rejimin davamlılığını təmin etmək üçün formalaşdırılıb. Məqalədə ilk olaraq Əli Xameneyinin dəfn mərasiminin siyasi əhəmiyyəti ön plana çəkilir. Müəllifin fikrincə, mərasim yalnız ali dini liderin dəfn olunması deyil, həm də hakimiyyətin fasiləsiz davam etdiyini nümayiş etdirmək məqsədi daşıyan siyasi mesaj idi. Bununla belə, varis kimi göstərilən Müctəba Xameneyinin mərasimdə görünməməsi diqqət çəkən məqam kimi qiymətləndirilir. Bu addım təhlükəsizlik və siyasi taktika ilə əlaqələndirilsə də, onun atasının topladığı nüfuz və legitimliyi avtomatik şəkildə miras ala bilməyəcəyini də nümayiş etdirir. Əli Xameneyi Xomeyninin qurduğu inqilabı sadəcə davam etdirməyib, onu güclü təhlükəsizlik institutlarına söykənən dövlət modelinə çevirib. Onun dövründə Ali Rəhbərin Aparatı, İslam İnqilabı Keşikçiləri Korpusu və digər əsas qurumların səlahiyyətləri genişlənib, nəticədə sistem fərdlərdən çox dövlət institutlarına əsaslanan idarəetmə modelinə çevrilib. Müctəba Xameneyi hakimiyyət dairələrində təsirli fiqur olsa da, ictimai legitimliyi və nüfuzu atasından zəifdir. Üstəlik, hakimiyyətin atadan oğula keçməsi İran İslam Respublikasının anti-monarxiya ideologiyası ilə ziddiyyət təşkil edir. Daxili siyasi proseslərə toxunan müəllif bildirir ki, Xameneyidən sonrakı dövrdə əsas mübarizə müxalifətlə hakimiyyət arasında deyil, hakimiyyət sisteminin öz daxilində müxtəlif güc mərkəzləri arasında gedəcək. Ali Rəhbərin Aparatı, İnqilab Keşikçiləri Korpusu, texnokratlar və praqmatik siyasi dairələr İranın gələcək idarəetmə modelinin formalaşmasına təsir göstərəcək əsas aktorlar kimi qiymətləndirilir. Fikir ayrılıqlarına baxmayaraq, bu qüvvələrin ümumi məqsədi mövcud siyasi sistemin sabitliyini qorumaqdır. Xarici siyasət baxımından müəllif İranın kursunda kəskin dəyişiklik gözləmir. ABŞ ilə münasibətlərdə əsas müzakirə mövzusu dialoqun özü deyil, onun hansı şərtlərlə aparılmasıdır. Buna görə də mümkün razılaşmaların mərhələli, ehtiyatlı və geri çevrilə bilən formada həyata keçirilməsi daha real hesab olunur. Bununla yanaşı, ölkənin əsas problemlərinin artıq xarici təhlükələrdən çox iqtisadi durğunluq, sanksiyalar, korrupsiya, su ehtiyatlarının azalması, beyin axını və əhalinin sosial rifahının pisləşməsi ilə bağlı olduğu vurğulanır. Müəllif İranın gələcəyi üçün üç mümkün inkişaf ssenarisi təqdim edir. Birinci və ən real ssenari Müctəba Xameneyinin atasının formalaşdırdığı institutlara söykənərək ehtiyatlı şəkildə hakimiyyəti davam etdirməsidir. İkinci ssenari regional gərginliyin yenidən artacağı halda İnqilab Keşikçiləri Korpusunun siyasi və iqtisadi təsirinin daha da güclənməsini və təhlükəsizlik dövlətinin sərtləşməsini nəzərdə tutur. Üçüncü, daha az ehtimal olunan ssenaridə isə iqtisadi çətinliklərin hakimiyyəti daha praqmatik iqtisadi islahatlara və region ölkələri ilə münasibətlərin normallaşdırılmasına sövq edə biləcəyi qeyd edilir. Nəticə olaraq, müəllif belə qənaətə gəlir ki, Əli Xameneyinin əsas siyasi irsi inqilab ideologiyasından daha çox güclü təhlükəsizlik institutlarına əsaslanan dövlət modelinin qurulmasıdır. Bu sistem onun ölümündən sonra da fəaliyyətini davam etdirə biləcək potensiala malik olsa da, Müctəba Xameneyinin qarşısında duran əsas vəzifə yalnız hakimiyyəti təhvil almaq deyil, həm də atasının onilliklər ərzində qazandığı siyasi nüfuzu və legitimliyi əvəz edə bilməkdir. İranın növbəti dövrdə hansı istiqamətdə inkişaf edəcəyi isə yeni ali rəhbərin fəaliyyətindən daha çox təhlükəsizlik institutları ilə siyasi hakimiyyət arasında formalaşacaq güc balansından asılı olacaq. Məqalənin tam versiyası: https://en.majalla.com/node/331957/politics/after-khamenei-security-state-he-built-and-son-who-inherits-it
🇰🇿 Yerkin Tukumov və Eldaniz Guseynov "The National Interest" platformasında dərc olunan məqalələrində qeyd edirlər ki, Əfqanıstanın gələcəyi təkcə bu ölkənin deyil, bütövlükdə Avrasiyanın geosiyasi və iqtisadi inkişaf trayektoriyasını müəyyən edəcək əsas amillərdən biridir. Müəlliflər hesab edirlər ki, beynəlxalq sistemin parçalandığı və qlobal institutların təsir imkanlarının zəiflədiyi mövcud şəraitdə regional sabitlik artıq xarici güclərin müdaxiləsi ilə deyil, region dövlətlərinin praqmatik əməkdaşlığı vasitəsilə təmin edilməlidir. Bu kontekstdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin irəli sürdüyü “Great Gain” konsepsiyası geosiyasi rəqabətin iqtisadi inteqrasiya və regional bağlantılarla əvəz edilməsini hədəfləyir. Müəlliflər qeyd edirlər ki, 2021-ci ildə Talibanın hakimiyyətə qayıtmasından sonra Əfqanıstanın beynəlxalq təcridi ölkədə humanitar böhranı daha da dərinləşdirmiş, narkotik qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya və təhlükəsizlik risklərini artırmışdır. Buna cavab olaraq Qazaxıstan “rəsmi tanınma olmadan praqmatik əməkdaşlıq” siyasətini həyata keçirərək Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarmış, Kabildə diplomatik fəaliyyətini davam etdirmiş və Əfqanıstan üzrə xüsusi nümayəndə təyin etmişdir. Müəlliflərin fikrincə, Astananın əsas məqsədi Əfqanıstanı humanitar yardımdan asılı ölkədən regional istehsal və tranzit mərkəzinə çevirməkdir. Məqalədə vurğulanır ki, 2026-cı ildə Qazaxıstan nümayəndə heyətinin Kabula yüksək səviyyəli səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərmişdir. Humanitar yardım, səhiyyə, təhlükəsizlik və institusional əməkdaşlıqla yanaşı, iqtisadi tərəfdaşlıq əsas prioritet kimi müəyyən edilmişdir. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 541,8 milyon ABŞ dollarına çatmış, tərəflər bu göstəricini 3 milyard ABŞ dollarına yüksəltməyi hədəfləmişdir. Müəlliflər bildirirlər ki, əməkdaşlıq artıq ənənəvi taxıl ixracı ilə məhdudlaşmır. Sink, xrom və berillium kimi strateji mineralların işlənməsi, süni intellekt əsaslı tibbi texnologiyaların ixracı, telemedisin şəbəkəsinin qurulması, sənaye müəssisələrinin modernləşdirilməsi, eləcə də su ehtiyatlarının idarə olunması və dayanıqlı kənd təsərrüfatı sahəsində birgə layihələr Qazaxıstanın Əfqanıstanla iqtisadi əlaqələrinin yeni istiqamətlərini formalaşdırır. Bununla yanaşı, müəlliflər nəqliyyat dəhlizlərini və regional bağlantıları Qazaxıstanın strategiyasının əsas sütunlarından biri kimi qiymətləndirirlər. Onların fikrincə, Əfqanıstan üzərindən inkişaf etdirilən dəmir yolu layihələri Qazaxıstanın Hind okeanına çıxış imkanlarını genişləndirəcək, eyni zamanda Əfqanıstanı regional logistika və tranzit mərkəzinə çevirəcəkdir. Məqalədə həmçinin Avropa İttifaqı ilə təhsil, səhiyyə və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial vurğulanır. Nəticə etibarilə, müəlliflər belə qənaətə gəlirlər ki, Qazaxıstanın Əfqanıstan siyasəti ideoloji deyil, praqmatik yanaşmaya əsaslanır. Astana beynəlxalq hüquqa sadiq qalmaqla iqtisadi inteqrasiya, infrastruktur layihələri və regional əməkdaşlıq vasitəsilə Əfqanıstanı geosiyasi qarşıdurma məkanından iqtisadi əlaqələr və sabitlik platformasına çevirməyə çalışır. Müəlliflərin fikrincə, bu yanaşma Tokayevin “Great Gain” konsepsiyasının praktik təzahürüdür və Mərkəzi Asiyada yeni regional təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Məqalənin tam versiyası: https://nationalinterest.org/blog/silk-road-rivalries/kazakhstans-pragmatic-path-in-afghanistan
🇨🇦🇫🇮 "The Economist" nəşrində dərc olunmuş məqalədə müasir beynəlxalq sistemdə baş verən geosiyasi dəyişikliklər, 1945-ci ildən sonra formalaşmış dünya nizamının tədricən zəifləməsi və bu şəraitdə ortaya çıxan yeni orta güclərin oynaya biləcəyi rol təhlil olunur. Məqalədə vurğulanır ki, dünyada güc artıq yalnız Qərbdə cəmləşmir, əksinə Qlobal Qərb, Qlobal Şərq və Qlobal Cənub arasında bölüşdürülür. Bu dəyişən geosiyasi reallıq Finlandiya və Kanada kimi orta güclərin təhlükəsizlik və xarici siyasət strategiyalarına da birbaşa təsir göstərir. Belə ki, Finlandiya Rusiyanın yaratdığı təhlükəsizlik riskləri ilə üz-üzədir, Kanada isə ABŞ-ın dəyişən iqtisadi və xarici siyasət prioritetlərinin təsiri altında fəaliyyət göstərməyə məcburdur. Bununla yanaşı süni intellekt və digər rəqəmsal texnologiyalarda artıq qlobal siyasət və iqtisadiyyata təsir edən yeni güc amillərinin əvəzolunmaz parçasına çevrilir. Mövcud beynəlxalq sistem zəifləyir və onun yerini tutacaq yeni yanaşmaya ehtiyac var. Təklif olunan model isə dəyərlərə əsaslanan realizmdir. Bu yanaşma azadlıq, insan hüquqları, davamlı inkişaf və həmrəylik kimi prinsiplərə sadiq qalmağı, eyni zamanda bütün tərəfdaşların eyni dəyərləri paylaşmadığını qəbul edərək praqmatik əməkdaşlıq qurmağı nəzərdə tutur. Məqsəd dünyanı ideal vəziyyətdə deyil, real olduğu kimi qəbul edərək ortaq maraqlar əsasında irəliləyişə nail olmaqdır. Bununla belə, dünya təkcə çoxtərəfli və ya çoxqütblü sistem arasında seçim etməməlidir. Alternativ kimi plürilateral əməkdaşlıq modeli təklif edilir. Bu model müxtəlif məsələlər üzrə çevik və məqsədyönlü koalisiyaların yaradılmasını nəzərdə tutur. Buna nümunə olaraq Ukraynanın təhlükəsizliyinə dəstək məqsədilə yaradılmış "Könüllü Dövlətlər Koalisiyası" (Coalition of the Willing), Avropa İttifaqının "Avropanın Təhlükəsizlik Fəaliyyəti" (Security Action for Europe – SAFE) mexanizmi və G7 ölkələrinin "Kritik Minerallar Alyansı" (G7 Critical Minerals Alliance) göstərilə bilər. Nəticə olaraq məqalədə belə qənaətə gəlinir ki, dəyişən dünya nizamına cavab keçmişə qayıtmaqla deyil, yeni institutlar, güclü tərəfdaşlıqlar və dayanıqlı əməkdaşlıq qurmaqdır. Dəyişən beynəlxalq nizamın formalaşmasında isə orta güclərin rolu getdikcə daha da ön plana çıxır. Məqalənin tam versiyası: https://www.economist.com/by-invitation/2026/07/08/prepare-for-a-world-of-ad-hoc-coalitions
🇦🇿🇦🇲 "The National Interest" nəşrində Harrison Kass məqaləsində Azərbaycan və Ermənistan hərbi hava qüvvələrinin mövcud imkanlarını müqayisə edir, 2020-ci il İkinci Qarabağ müharibəsindən əldə olunan dərsləri təhlil edir və mümkün yeni münaqişə şəraitində Azərbaycanın hava üstünlüyünü təmin edən əsas amilləri qiymətləndirir. Məqalədə qeyd olunur ki, 2020-ci il İkinci Qarabağ müharibəsi müasir müharibələrdə pilotsuz uçuş aparatlarının, kamikadze sursatlarının və elektron müharibə vasitələrinin həlledici rolunu nümayiş etdirdi. Müəllif bildirir ki, Azərbaycan həmin müharibədə pilotsuz sistemlərdən səmərəli istifadə etməklə üstünlük əldə etmiş, 2023-cü ildə isə Qarabağ üzərində tam nəzarəti bərpa etmişdir. Məqalədə vurğulanır ki, 2025-ci ildə Vaşinqtonda imzalanan sülh sazişi və Ermənistanın konstitusiyasında Qarabağa dair iddialardan imtina istiqamətində atdığı addımlar da hərbi reallıqların dəyişməsi ilə əlaqələndirilir. Müəllif vurğulayır ki, Azərbaycanın hərbi hava qüvvələri həm insanlı döyüş təyyarələri, həm də geniş pilotsuz uçuş aparatları parkı əsasında formalaşdırılıb. MiQ-29 və Su-25 təyyarələri ilə yanaşı, Türkiyə istehsalı Bayraktar TB2, İsrail istehsalı Harop və SkyStriker kamikadze pilotsuz uçuş aparatları Azərbaycanın əsas üstünlükləri kimi təqdim edilir. Eyni zamanda Pakistan və Çin istehsalı olan JF-17 Thunder Block III qırıcılarının silahlanmaya qəbul edilməsinin ölkənin hava imkanlarını daha da gücləndirəcəyi qeyd olunur. Müəllif hesab edir ki, Türkiyə və İsraillə müdafiə sahəsində əməkdaşlıq Azərbaycanın müasir hərbi texnologiyalara çıxışını əhəmiyyətli dərəcədə artırıb. Məqalədə bildirilir ki, Ermənistanın hərbi hava qüvvələri həm say, həm də imkan baxımından Azərbaycandan geri qalır. Ermənistanın əsas döyüş aviasiyası cəmi dörd ədəd Su-30SM çoxməqsədli qırıcısından və Su-25 hücum təyyarələrindən ibarətdir. Müəllif qeyd edir ki, bu platformalar texniki baxımdan müəyyən imkanlara malik olsa da, silah sistemlərinin inteqrasiyası, komanda-idarəetmə infrastrukturu və döyüş hazırlığı sahəsində mövcud çatışmazlıqlar onların potensialından tam istifadə olunmasına mane olur. Bundan əlavə, Ermənistanın hava hücumundan müdafiə sistemi əsasən sovet dövründən qalan sabit radar və zenit-raket komplekslərinə əsaslanır. Eyni zamanda vurğulanır ki, Azərbaycanın müasir hərbi doktrinası davamlı müşahidə, yüksək dəqiqlikli zərbələr, elektron müharibə və düşmənin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması prinsipləri üzərində qurulub. Müəllif bildirir ki, Bayraktar TB2 pilotsuz uçuş aparatları döyüş meydanında fasiləsiz kəşfiyyat aparmaq və hədəfləri məhv etmək imkanı yaratdığı halda, Harop kamikadze pilotsuz uçuş aparatları radar sistemlərini məhv etməklə Ermənistanın hava hücumundan müdafiəsini zəiflədib. Bu yanaşmanın ənənəvi pilotlu aviasiyaya əsaslanan döyüş modelindən daha effektiv olduğu qeyd olunur. Nəticə olaraq müəllif belə qənaətə gəlir ki, hazırkı qüvvələr balansı və texnoloji imkanlar nəzərə alındıqda, xarici müdaxilə olmadığı təqdirdə Ermənistanın mümkün yeni hava müharibəsində Azərbaycana qarşı üstünlük əldə etməsi real görünmür. Azərbaycanın müasir qırıcı təyyarələri, geniş pilotsuz uçuş aparatları parkı, kamikadze sistemləri, elektron müharibə vasitələri və hava hücumundan müdafiə sistemlərinin məhv edilməsinə yönəlmiş taktiki üstünlüyü ona qısa müddətdə hava üstünlüyü qazanmaq imkanı verir. Müəllif hesab edir ki, məhz bu hərbi reallıq tərəflər arasında sülh prosesini təşviq edən əsas amillərdən biridir. Məqalənin tam versiyası: https://nationalinterest.org/blog/buzz/heres-why-armenia-cant-win-air-war-against-azerbaijan-hk-071126
🇪🇺 "The National Interest" nəşrində dərc olunmuş məqalədə Avropa İttifaqının Azərbaycan və Ermənistan arasındaki sülh prosesində nə qədər aktiv bir rol oynadığı təhlil olunur. Müəllifin fikrincə, Avropa İttifaqı indiyədək Cənubi Qafqazda kifayət qədər təsirli və etibarlı vasitəçi kimi çıxış edə bilməyib. Brüsselin uzun müddət Ermənistana daha yaxın mövqe sərgiləməsi səbəbindən Aİ xüsusilə Azərbaycan tərəfindən neytral vasitəçi kimi qəbul olunmur. Ermənistanın son parlament seçkiləri yalnız ölkənin daxili siyasəti üçün deyil, həm də Avropa ilə Asiya arasında formalaşan yeni ticarət və nəqliyyat marşrutlarının gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Məqalədə vurğulanır ki, Ermənistan uzun illər Azərbaycanla davam edən münaqişə səbəbindən regional layihələrdən kənarda qalıb. Sülh sazişinin tam həyata keçirilməsi isə Ermənistanın regional nəqliyyat və ticarət dəhlizlərinə qoşulmasına, bununla da Avropa ilə Asiya arasında Rusiyadan və İrandan yan keçən alternativ quru marşrutunun inkişafına imkan yarada bilər. Ermənistanda keçirilən seçkilər həm də ölkənin gələcək xarici siyasi istiqamətinin Qərbə, yoxsa Rusiyaya yaxınlaşmasının müəyyənləşdirilməsində əsas rol oynayır. Rusiyayönümlü müxalif qüvvələrin və Erməni Apostol Kilsəsinin sülh siyasətinə görə kəskin tənqidlərinə baxmayaraq, Nikol Paşinyan seçkilərdə qalib gələrək hakimiyyətini qoruyub və Qərbə inteqrasiya xəttinə dəstək qazanıb. Bu kontekstdə Ermənistanın Aİ-na üzvlük canatımı Brüsselə mühüm təsir imkanlar yaradır. Lakin, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını və bunun referendum yolu ilə təsdiqlənməsini üzvlük prosesinin fundamental şərti kimi irəli sürülür. Nəticə olaraq belə qənaətə gəlinir ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri və ölkənin xarici siyasətdə seçdiyi istiqamət Avropa İttifaqının sülh prosesindəki rolunu daha da ön plana çıxardır. ABŞ-nın sülh prosesində həlledici rolu oynamasından sonra Aİ-nin bu prosesdə əsas vəzifəsi əldə olunan nəticəni möhkəmləndirməkdir. Fransa başda olmaqla bəzi Avropa ölkələrinin uzun illər Ermənistanı açıq şəkildə dəstəkləməsi isə Brüsselin Azərbaycanda tərəfsiz vasitəçi kimi qəbul edilməsinə mane olub. Hazırkı şərait Avropa İttifaqına həm regional sülhün möhkəmləndirilməsi, həm də öz strateji maraqlarının təmin olunması üçün yeni imkanlar yaradır. Məqalənin tam versiyası: https://nationalinterest.org/blog/silk-road-rivalries/can-europe-help-secure-armenia-azerbaijan-peace
verə biləcək siyasi dəyişikliklərə indidən hazırlaşmalıdır. Müəllifin fikrincə, yalnız bu yanaşma ABŞ-ın strateji maraqlarının qorunmasına və Yaxın Şərqdə daha dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına töhfə verə bilər. Məqalənin tam versiyası: https://www.atlanticcouncil.org/content-series/the-big-story/a-misguided-war-a-flawed-deal-and-a-dangerous-future-heres-what-to-do-next-on-iran/
William F. Wechsler Atlantic Council üçün qələmə aldığı məqalədə bildirir ki, Donald Tramp ilk prezidentliyi dövründən etibarən İran siyasətində bir sıra strateji baxımdan düzgün qərarlar qəbul etsə də, son dövrdə yürüdülən siyasət ABŞ-ın regional maraqları baxımından ciddi problemlər yaratmışdır. Müəllif qeyd edir ki, Tramp İranın nüvə proqramını və regional təsirini ciddi təhlükə kimi qiymətləndirmiş, sanksiyaları genişləndirmiş, Abraham Razılaşmaları vasitəsilə İsrail ilə Körfəz ölkələri arasında təhlükəsizlik əməkdaşlığını gücləndirmiş və bəzi hallarda hərbi gücdən istifadə ilə bağlı balanslı qərarlar vermişdir. Bununla yanaşı, 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxması və bəzi regional təhdidlərə adekvat reaksiya verməməsi onun əsas strateji səhvləri kimi qiymətləndirilir. Müəllif hesab edir ki, İsrailin son hərbi əməliyyatları nəticəsində İranın regional mövqeyinin zəifləməsi, müttəfiqlərinin güc itirməsi və ölkə daxilində narazılığın artması ABŞ üçün İran rejiminin imkanlarını daha da məhdudlaşdırmaq baxımından əlverişli imkan yaratmışdı. Lakin Tramp bu fürsətdən istifadə etmək əvəzinə, uğursuz hərbi müdaxilə və zəif atəşkəs razılaşması ilə əvvəlki ABŞ administrasiyalarının buraxdığı strateji səhvləri təkrarlamışdır. Məqalənin əsas arqumentlərindən biri ondan ibarətdir ki, Tramp administrasiyasının İranla əldə etdiyi on dörd bəndlik memorandum faktiki olaraq İranın regional mövqeyini gücləndirir. Müəllifə görə, bu sənəd İranın Hörmüz boğazı üzərində təsir imkanlarını artırır, ABŞ-ın bölgədəki hərbi mövcudluğunu məhdudlaşdırır, Tehranın nüvə proqramını mövcud vəziyyətdə davam etdirməsinə şərait yaradır, sanksiyaların ləğvini və İranın istifadəsinə böyük həcmdə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Bundan əlavə, ABŞ-ın İsrailin Hizbullaha qarşı mümkün hərbi əməliyyatlarını məhdudlaşdırmaq öhdəliyi də İranın regional təsirini genişləndirən amillərdən biri kimi qiymətləndirilir. Müəllif bu siyasətin gələcək üçün üç əsas mənfi ssenari yarada biləcəyini vurğulayır. Birinci ssenaridə ABŞ və İran arasında yekun razılaşmanın İranın xeyrinə regional güc balansını dəyişdirəcəyi, ikinci ssenaridə danışıqların uğursuzluqla nəticələnərək yeni müharibəyə səbəb olacağı, üçüncü ssenaridə isə İranın zamanla yenidən güclənərək ABŞ və onun regional tərəfdaşları üçün daha böyük təhlükəyə çevriləcəyi qeyd olunur. Müəllifin fikrincə, ABŞ siyasətinin əsas məqsədi məhz bu üç ssenarinin qarşısını almaq olmalıdır. Alternativ yanaşma kimi müəllif bir sıra siyasət tövsiyələri irəli sürür. İlk növbədə, Vaşinqtonun İranla danışıqları mümkün qədər uzadaraq yeni hərbi qarşıdurmadan yayınması tövsiyə olunur. Eyni zamanda, ABŞ-ın Körfəz regionunda hərbi mövcudluğu gücləndirilməli, daimi aviadaşıyıcı zərbə qrupları yerləşdirilməli, regional hərbi bazalar yenidən qurulmalı və müttəfiq ölkələrin müdafiə potensialı artırılmalıdır. Müəllif həmçinin ABŞ-ın İranın Hörmüz boğazı üzərində yaratmağa çalışdığı yeni status-kvonu qəbul etməməsinin və beynəlxalq dəniz naviqasiyasının azadlığını qorumaq üçün daha fəal siyasət yürütməsinin vacibliyini vurğulayır. Uzunmüddətli perspektivdə müəllif hesab edir ki, İran rejimində dəyişiklik yalnız ölkə daxilindən baş verə bilər. Bu səbəbdən ABŞ İran daxilində fəaliyyət göstərən müxalif şəbəkələr haqqında daha geniş kəşfiyyat məlumatları toplamalı, gələcək xalq etirazlarını dəstəkləməyə hazır olmalı, internet blokadalarının qarşısını almaq üçün texniki imkanlar formalaşdırmalı və İran cəmiyyətinin demokratik dəyişiklik potensialını dəstəkləməlidir. Bununla yanaşı, müəllif İran rejimi daxilində “mötədil qüvvələr” axtarmaq siyasətinin indiyədək uğursuz nəticələr verdiyini və bu yanaşmanın perspektivli olmadığını bildirir. Nəticə etibarilə müəllif belə qənaətə gəlir ki, hazırkı ABŞ siyasəti İranın regional təsirini zəiflətmək əvəzinə, onu daha da gücləndirmək riski daşıyır. Bu səbəbdən Vaşinqton hərbi çəkindirmə siyasətini bərpa etməli, regional tərəfdaşlarla təhlükəsizlik əməkdaşlığını dərinləşdirməli, İranın təsir imkanlarını sistemli şəkildə məhdudlaşdırmalı və gələcəkdə ölkədə baş
🇹🇷 Brukinqs (Brookings) nəşrində dərc olunmuş məqalədə Türkiyə ilə İtaliya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın Avropanın dəyişən təhlükəsizlik arxitekturasına təsiri təhlil olunur. Məqalədə vurğulanır ki, Türkiyə Avropa İttifaqının (Aİ) müdafiə arxitekturasına daxil olmasa da, onun müdafiə-sənaye bazasının müəyyən hissələrinə faktiki şəkildə inteqrasiya olunur. Bu proses xüsusilə pilotsuz uçuş aparatları, elektron müharibə, dəniz sistemləri və birgə istehsal sahələrində özünü göstərir. Müəllif hesab edir ki, əsas məsələ artıq Avropanın Türkiyə ilə əməkdaşlıq edib-etməyəcəyi deyil, bu əməkdaşlığın daha sabit və uzunmüddətli çərçivəyə salınıb-salınmayacağıdır. İtaliya bu prosesin ən mühüm nümunəsi kimi təqdim edilir. Leonardo ilə Baykar arasında yaradılmış birgə müəssisə sayəsində Bayraktar TB3 pilotsuz uçuş aparatının İtaliyanın Cavour aviadaşıyıcısında istifadəsi planlaşdırılır. Bu əməkdaşlıq sadəcə silah alışını deyil, həm də istehsal, sertifikatlaşdırma, texnologiya inteqrasiyası və logistika sahələrində uzunmüddətli sənaye tərəfdaşlığını ifadə edir. Bundan əlavə, Leonardo şirkəti M-346 təyyarəsi ilə Baykarın Kızılelma pilotsuz döyüş aparatının birgə idarə olunmasını sınaqdan keçirməyi planlaşdırır ki, bu da gələcək hava əməliyyatları üçün mühüm addım hesab olunur. Məqalədə qeyd olunur ki, İtaliya nümunəsi tək deyil. Polşa, Rumıniya, İspaniya, Portuqaliya, Böyük Britaniya və Fransa da Türkiyə ilə müxtəlif müdafiə layihələri çərçivəsində əməkdaşlıq edir. Xüsusilə Fransa şirkəti Safran ilə Baykar arasında əməkdaşlıq Avropa sensor və elektronika texnologiyalarının Türkiyə platformalarına inteqrasiyasını nəzərdə tutur. Bu tendensiya göstərir ki, Türkiyə Avropa üçün sürətli, nisbətən ucuz və döyüş şəraitində sınaqdan keçirilmiş texnologiyalar təqdim edən mühüm sənaye tərəfdaşına çevrilir. Bununla belə, Avropa İttifaqının institusional siyasəti bu əməkdaşlığın tempinə uyğunlaşa bilmir. Aİ-nin Təhlükəsizlik üzrə Fəaliyyət üçün Avropa Maliyyə Aləti (SAFE) Avropa müdafiə sənayesini gücləndirmək məqsədi daşısa da, Türkiyənin bu mexanizmdə tam iştirakına siyasi maneələr qalır. Xüsusilə Yunanıstan və Kiprin etirazları, eləcə də Ankara ilə bağlı siyasi və hüquqi narahatlıqlar Brüsselin vahid yanaşma formalaşdırmasını çətinləşdirir. Nəticədə əməkdaşlıq əsasən ikitərəfli razılaşmalar vasitəsilə inkişaf edir. Nəticə olaraq, məqalədə belə qənaətə gəlinir ki, Avropa nə Türkiyənin müdafiə sənayesini görməzlikdən gələ, nə də bütün siyasi problemləri nəzərə almadan tam inteqrasiyaya gedə bilər. Ən məqsədəuyğun yol NATO və Avropa çərçivəsində şəffaf, seçici və şərti əməkdaşlıq mexanizmlərinin yaradılmasıdır. Əks halda, Türkiyə ilə Avropa arasında müdafiə əməkdaşlığı vahid strategiya əsasında deyil, ayrı-ayrı dövlətlərin qərarları ilə formalaşacaq ki, bu da uzunmüddətli perspektivdə koordinasiya və idarəetmə problemləri yarada bilər. Məqalənin tam versiyası: https://www.brookings.edu/articles/turkey-italy-and-europes-defense-industrial-future/
🇬🇪☦️ Ceymstaun Fondunun analitikləri İrakli Kiknavelidze və Tomaş Baranets məqalələrində Gürcü Pravoslav Kilsəsinin yeni patriarxı III Şionun seçilməsini təhlil edir, bu dəyişikliklərin kilsədaxili idarəetməyə, Gürcüstanın daxili siyasətinə və ölkənin xarici siyasət istiqamətinə mümkün təsirlərini qiymətləndirirlər. Məqalədə qeyd olunur ki, Patriarx II İliyanın təxminən yarım əsrə yaxın davam edən rəhbərliyi dövründə Gürcü Pravoslav Kilsəsi ölkənin ən nüfuzlu institutlarından birinə çevrilmiş, patriarx institutu isə Müqəddəs Sinod üzərində həlledici təsirə malik olmuşdur. III Şionun seçilməsi ilə kilsədə yeni mərhələnin başlandığı bildirilir. Müəlliflər vurğulayırlar ki, patriarx seçkilərinin nəticələri Müqəddəs Sinod daxilində mühafizəkar qanadın üstün mövqeyini qoruduğunu və gələcək qərarların da əsasən bu qüvvənin təsiri altında formalaşacağını göstərir. Eyni zamanda vurğulanır ki, III Şio Rusiyada dini təhsil alması və Rus Pravoslav Kilsəsi ilə uzunmüddətli əlaqələri səbəbindən "Moskvanın namizədi" kimi qiymətləndirilir. Məqalədə bildirilir ki, onun rəhbərliyi dövründə Gürcü Pravoslav Kilsəsinin Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini tanıması ehtimalı olduqca zəifdir. Əksinə, yeni patriarxın Moskva ilə bağlı Ukrayna Pravoslav Kilsəsinə dəstəyi davam etdirəcəyi və bunun Rusiyanın dini-siyasi maraqları baxımından mühüm üstünlük yaradacağı qeyd olunur. Məqalədə həmçinin bildirilir ki, III Şionun daha sərt mühafizəkar baxışları Gürcüstanın Avropa və Qərb institutlarına inteqrasiyasını çətinləşdirə bilər. Onun pravoslav dini kimliyini milli kimlikdən üstün tutan yanaşmasının cəmiyyətdə anti-Qərb meyllərinin güclənməsinə təsir göstərə biləcəyi, eyni zamanda hakim Gürcü Arzusu partiyasının mühafizəkar elektorat arasında mövqeyini möhkəmləndirə biləcəyi vurğulanır. Müəlliflər hesab edirlər ki, bu tendensiyalar Rusiyanın regiondakı geosiyasi maraqları ilə də uzlaşır. Bununla yanaşı qeyd edilir ki, yeni patriarxın imkanları tam sərbəst deyil. Müqəddəs Sinod kilsənin əsas qərarverici orqanı olaraq qalır və III Şio öz təşəbbüslərini həyata keçirmək üçün Sinodun dəstəyini qazanmalıdır. Qarşıdakı dövrdə yeni yepiskopların təyin olunması, kilsənin idarəetmə nizamnaməsinin yenilənməsi və siyasi məhbuslarla bağlı mövqenin müəyyənləşdirilməsi onun liderlik qabiliyyəti üçün əsas sınaqlar hesab edilir. Nəticə olaraq müəlliflər belə qənaətə gəlirlər ki, III Şionun patriarx seçilməsi Rusiyanın Gürcü Pravoslav Kilsəsində dini və ideoloji təsirinin qorunmasına, eləcə də hakim Gürcü Arzusu partiyasının legitimliyinin güclənməsinə şərait yarada bilər. Bununla yanaşı, Müqəddəs Sinodun institusional çəkisi səbəbindən kilsənin daxili və xarici siyasətində qısa müddətdə radikal dəyişikliklərin baş verməsi gözlənilmir. Yeni patriarxın fəaliyyəti isə uzunmüddətli perspektivdə həm kilsənin nüfuzuna, həm də Gürcüstanda siyasi qütbləşmənin səviyyəsinə təsir göstərə bilər. Məqalənin tam versiyası: https://www.cacianalyst.org/publications/analytical-articles/item/13975-patriarch-shio-iii-a-new-era-in-the-georgian-orthodox-church