tgindex
Mashalli

Azərbaycan iqtisadiyyatı barədə maraqlı faktlar və fikirlər. Əlaqə üçün: @tgramana

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
3
Всего постов
23
Тип
открытый
Язык
az
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
12 авг.
Подписчики
1 885
−2 за 3 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
580
23 постов
Вовлечённость
30,8%
к подписчикам
Постов в день
0,4
всего 23
Упоминаний
1
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
150
1/48двое суток
171
1/72трое суток
185

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • - Y.V. Çəmənzəminli. "Qan içində" və "Keçmiş səhifələr". Oxuduğuma görə birincisi onun ölümündən sonra tapılmış əlyazmadır. Roman Vaqifə həsr olunub və düzünü desəm təxmin edirəm ki, müəllif sağ qalsaydı onu ən azı bir az redaktə edərdi. Ümumən hətta hekayələri ilə müqayisədə həddindən artıq zəif bir əsərdir. Hekayələrinə gəldikdə isə prinsipcə keçən dəfə də qeyd etdiyim kimi bir sıra hekayələri çox xoşuma gəldi. Əsasən inqilabdan əvvəl və ya müvafiq dövrdə yazılan hekayələr toplusudur (öz dövründə də kifayət qədər məşhurlaşmışdı və deyəsən bir neçə dəfə nəşr olunub). Fərqli hekayələr var, amma biri müəyyən qədər marağımı cəlb etdi. Deməli topluda "Din ayrı qardaşlar" hekayəsi var. Yusif Vəzirin yeni toplularında bu hekayəni axtararkən maraqlı faktla qarşılaşdım - o yoxdur. Biblioqrafiyasında axtarış edərkən öyrəndim ki, bu hekayə sonuncu dəfə azərbaycan dilində 1964-cü ildə nəşr olunub. Yəni Yusif Vəzirin nə Sovet dövründə, nə indiki dönəmdə bəxti gətirməyib. Həm o zaman, həm indi də bütün əsərləri çap olunmur. Hekayə çox qısa və konkretdir. İki nəfər - azərbaycanlı və erməni - qarşılaşır və 1905-ci ildə baş verən hadisələri yada salırlar. Erməni o zaman azərbaycan bazarında fəaliyyət göstərirdi, azərbaycanlı isə erməni məhəlləsində yaşayıb, işləyirdi. Hər ikisi bir-birinə identik hekayə danışır - bütün ailəmi öldürdülər, özüm bir-iki gün necəsə gizlənə-gizlənə məhəllədən çıxmağa müvəffəq oldum. Hekayə də bununla bitir. Yəni çox konkret bir mənası olan və bir fikir irəli sürən hekayədir. Əlbəttə ki, bizim indiki şəraitdə belə hekayələr heç kimə lazım deyil. - Azərbaycan hekayələri. İki cilddə. İkinci cild. Bakı. 1959. 500s. - Maraqlı bir məcmuə idi. Bir sıra yazıçıları ya ilk dəfə gördüm ya da ilk dəfə əsərləri ilə tanış oldum. Deyə bilərəm ki, çox da pis əsərlər deyil. Misal üçün, ilk dəfə əsərlərini oxuduğum yazıçılar arasında Ə. Vəliyev, S. Şamilov, M. Rzaquluzadə, M.C. Paşayev ("Kələntərovlar ailəsi" - çox maraqlı hekayədir. Deyəsən ailəsi çox diqqətlə əsəri oxuyublar) və s. qeyd edə bilərəm. Prinsipcə aşağı-yuxarı bu məcmuəni mən problemsiz olaraq oxumağa tövsiyə edə bilərəm. C. Cabbarlı. Seçilmiş pyeslər. Bakı. 1949. 448s. - Cabbarlı fikrimcə bizim ən möhtəşəm yazıçılarımızdan biridir. Əslinə qalsa mən pyesləri oxumağı çox sevmirəm, amma bu dəfə bəxtimə pyeslərin audio-versiyalarını tapdım və çox gözəl və axıcı getdi (amma "Almas" ilə "Nəsrəddin şah"ı oxumalı oldum). Nə deyim, SSRİ-dən əvvəl yazdığı pyesləri kənara qoyuram. Göründüyü odur ki, SSRİ olmasaydı, Cabbarlı "Aydın" tipli melodramatik və ya "Nəsrəddin şah" kimi psevdo-tarixi sevgi pyesləri yazacaq idi. Bəlkə də yaxşı alınırdı, amma hiss olunur ki, o deyil. Hətta "Oqtay Eloğlu" hələ o deyil, amma "Sevil", "Almas", hətta "1905-ci ildə" tamamilə başqa səviyyədir. "Almas"-ı sonuna kimi çox böyük maraqla oxuyurdum, sonunu gözləyirdim ki, nə baş verəcək (tamaşa yadımda qalmamışdı. Xatirimdə qalmışdı ki, nəsə sonluq pozitivdir). Yeganə sonu bir az tez-bazar sonluğa oxşayırdı, amma çox maraqlı idi (tamaşalarda artıq Sovet hökuməti söhbətini yığışdırıblar). "Sevil" də tam başqa söhbətdir. Bu arada onun həm də bir neçə hekayəsini oxudum ("Firuzə", "Gülər" və s.). Konkret reallıq, özü də heç də pozitiv olmayan reallığı göstərirdi. Ümumiyyətlə Cabbarlını oxuduqca səni dərd aparır, sən bu problemləri elə bil ki, öz dərində hiss etməyə başlayırsan (şəhərin ortasında həkimin tapılmaması, qızın məktəbə gedə bilməməsi, cavan qızcığazın ərə verilməsi və s.). Nəsə, Cabbarlını oxuyun.

  • - Məmmədxanlı Ə. Seçilmiş əsərləri. Bakı. 2005. 416s. – bu kitab iki hissədən ibarətdir. Birinci hissəsi Ə. Məmmədxanlının yazdığı hekayələrdən, ikinci hissəsi isə “Babək” romanından ibarətdir. Hekayələri mən keçən ilin noyabrında oxumuşdum (daha doğrusu qulaq asmışdım). Bir hissəsi çox maraqlı və möhtəşəm idi, digərləri orta statistik idi. Düşünürdüm ki, romanı da müvafiq olaraq yaxşı olmalıdır, amma saydığını say.. Təəssüf, “Babək” romanının audioversiyasını tapa bilmədim deyə, o zaman oturdum oxumağa. O zaman hövsələm cəmi 3 səhifəyə çatdı. Necə də boş və mənasız başlanğıc idi. Düşündüm ki, boş vaxtım olar, bir də qayıdaram. Nəticədə iyun ayının sonunda qayıda bildim. Birincisi mən heç başa düşmədim, romanın adı niyə məhz “Babək”dir. Əsərdə ən çox rast gəlinən qəhrəman xalif Məmundur. Yəni o qədər ona ithaf olunmuş pafosa dözmək çox çətin idi. Hamımızın tanıdığı filmdə baş verən hadisələr hardasa romanın ortasında başlayır (özü də əsasən son 30-40 səhifədir. Ortasında yalnız bir-iki hadisə var). Sonra da deyirsiniz ki, Sovet dövründə senzura belə, senzura elə - əsərdə az qala xəlifəni müdrik, hər şeyi görən, onun babası daha da müdrik idi və s. kimi göstərirlər. Bu söhbətdə Babəkin niyə üsyan qaldırdığı məlum olmur. Elə bil ki, hansısa kənd bölgə idarəsinə qarşı mübarizəyə başladı. Yəni roman budur. Bu azmış kimi Babək romanda ilk dəfə təsadüfi olaraq 45 ya 46-ci səhifədə peyda olur. Müəllif elə bil ki, bizi Babəklə tanış etmək istəyirdi, amma bəlli olmayan səbəbə görə bizi niyəsə bir-iki digər qəhrəmanla tanış etdi və bu əsər qəhrəmanlarına bundan sonra daha heç yerdə rast gəlinmədi. Ümumiyyətlə kifayət qədər boş və məzmunsuz hissələr var. Başa düşdüyüm odur ki, sadəcə adı “Babək” olduğu üçün roman nəşr olunub. Yoxsa “Xəlifə Məmun” qoysa idi, SSRİ-də onu dərc etməzdilər. Mənim üçün qəribə bir fakt kimi qaldı. Orta və ya yaxşı hekayələr müəllifi olan yazıçı faktiki olaraq məzmunsuz bir roman yazdı. Əsərdən heç döyüşlərin necə getdiyini başa düşmək olmur. Babək burada heç əsər qəhrəmanı kimi da çıxış etmir. Ümumiyyətlə romandan üsyanın səbəblərini, bu qədər uzun müddət qalib gəlməsini və s. başa düşmək mümkün deyil (heç şəxsi həyatında olan dəyişikliklərin belə səbəbini öyrənmək mümkün deyil). Ən yaxşı halda müəllif xəlifələrin sarayda keflərini təsvir edib. Babək romanında oturub hər hansı xəlifələrin bir-biri ilə mübarizəsini görmək qəribədir. Nəsə müəllifin hekayələrini oxumağı tövsiyə edirəm. - Hacızadə Ə. Təyyarə kölgəsi. Bakı. 1974. 287s. - bir müddət əvvəl Sevda xanım öz bloqunda bu roman haqqında bir qeyd yazdı. Mən də düşündüm ki, çoxdandır Azərbaycan sovet romanını oxumuram, gərək qayıdım. Evimdə bir az axtarış etdim və Ə. Hacızadəyə məxsus yalnız "Əfsanəsiz illər" əsərini tapdım. Kitab da anamın kitabxanasına aid idi. Anamdan kitab haqqında soruşanda, o mənə dedi ki, "sənlik deyil". Əvvəl mən bu cavaba təəccübləndim, sonra öyrəndim ki, burada Əfsanə insan adı imiş. Düşündüm ki, əşi Azərbaycan sovet qadın (bildiyim qədər bu janr aşağı-yuxarı belə adlanır) romanı oxumaq mənə hələ ki, nəsib olmayıb və ona görə gərək cəhd edim. Sağ olsun, Youtube-da da onun audioversiyasını tapdım. Nə deyim. İlk əvvəl mən həmişə bilirdim ki, bu Əlyazma İnstitutu olsun və ya ona aid olan digər şöbələrin əsas işi əlyazmaların tədqiqi, dərc olunması və s. deyil. Onların əsas işi elə əsərdə yaxşı göstərilib - boş-boş söhbətlər, gəzintilər, bir-birinə qarşı mənasız iftiralar və s. Əks halda düşünürəm ki, bu günə bir çox əlyazmaların artıq nəinki kitab formatında, hətta elektron formatında versiyalarını görə bilərdik. Reallıqda bu deyəsən bizim ədəbiyyatın ən zəif tərəflərdən biridir. Romanın başqa cəhətlərinə gəldikdə isə.. orta-babat bir əsərdir. Düzünü desəm bu janr ilə çox da maraqlanmıram, amma roman əsasında indiki dövr üçün belə dramatik bir serial çəkmək olar (hətta iki mövsümlük. İkinci hissəsinə qulaq asmağa artıq səbrim çatmadı). Deyəsən öz dövrü üçün də müəyyən qədər yaxşı əsər idi (ən azı elmdə korrupsiyanın, tapşırığın və s. olmasını göstərir).

  • İyul ayını da Azərbaycan ədəbiyyatına həsr etmək qərarına gəlmişdim. Müəyyən qədər deyə bilərəm ki, maraqlı bir ay oldu. Bu postu çox gec paylaşmağımın səbəbi sağlamlığımdır. Elə indi də xəstəxanada uzanıb, redaktə etməyə çalışıram.

  • Problemli kreditlər haqqında: Mərkəzi Bankın verdiyi məlumata görə, vaxtı keçmiş kreditlərin payı ümumi kredit portfeldə bir qədər artıb və 2.1% bərabərdir. Absolyut olaraq rəqəm 36% artıb. Bununla belə struktura baxanda görə bilərik ki, ən yüksək artım qısamüddətli kreditlər üzrə müşahidə olunur. Burada artım 1.5 dəfədir. Təxmin edirəm ki, burada əhəmiyyətli hissə BOKT və kredit ittifaqları hesabına formalaşır. Ümumi vəziyyət hələ ki, çox da kritik deyil (vaxtilə Azərbaycanda 6-7% normal sayılırdı, rəsmi rekord isə 15.5% idi).

  • Avqustun 2-də (bazar günündə) yayılmış məlumata görə, “Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib”. Azərbaycanda maraqlı bir qurum var, onun adı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Əslinə qalsa yuxarıda qeyd olunan cümlə dərhal onları maraqlandırmalıdır. Yəni məni istehlakçı olaraq qanun və ya hansısa qanuni aktla yox, hansısa qurum şirkətlərlə birlikdə kartel razılaşması çərçivəsində hüquqlarımı məhdudlaşdırmağa çalışır. Əsas, səbəb və s. bəlli deyil. İctimaiyyətə bu xəbər niyəsə bazar günü çatdırılır və heç bu yeniliyə öyrəşməyə vaxt da verilmir. Hələ əlavə şərtlər də təklif edilir (misal üçün, qeyd olunur ki, “Şəxsi və digər köçürmələr” seçildikdə minimum 10 simvoldan ibarət məcburi doldurulan xana olmalıdır. Şəxsi sözü özü 5 simvoldan ibarətdir. Yəni mən şəxsi sözünü iki dəfə yazmalıyam? Əslinə qalsa bizim Mərkəzi Bankdan başqa tipli bir təklif gözləmirdim). Amma deyəsən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində hələ də internet yoxdur deyə, onlar internetin sürətini müəyyən edə bilmirlər. Başları internet axtarmağa qarışıb (avqustun 14-ü bu işin artıq 2 illiyi olacaq, amma hələ də heç bir nəticə yoxdur). Belə tipli “boş-boş” məsələlər onları maraqlandırmır.

  • Son zamanlar bizim məmurlarımız nəsə tez-tez müsahibələr verməyə başlayıblarr. Elə bil ki, məmurlar arasında müəyyən bir qrafik qurulub. Bir həftə bir nazir danışır, sonra hansısa dövlət şirkətinin rəhbəri, ondan sonra başqa bir nazir çıxış edir və s. Bununla bağlı bir deyim yadıma düşdü: “əgər hökumət çox izah etməyə başlayıbsa, deməli nəsə düzgün getmir”. Nəsə bu çoxluğa görə və işimlə bağlı yükləməyə görə müvafiq müsahibələri vaxtında qulaq asmaq imkanım olmur (təklif edirəm ki, bir az yavaşlasınlar). Bu yaxınlarda bir az imkanım yarandı və kənd təsərrüfatı nazirinin çıxışına qulaq asdım. Müsahibədə bir çox maraqlı məqamlar var. Bu məqamlardan biri əkin sahəsi ilə bağlıdır. Nazirin dediyinə görə, işğaldan azad olunmuş ərazilərdə “fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi qoymuşuq, bu, 5 hektardır. Beş hektardan kiçik təsərrüfatın yaradılmasına icazə verilmir”. Qəribə bir söhbətdir. 2025-ci ilin noyabrında elə M. Məmmədov özü qeyd etmişdi ki, Azərbaycanda bir təsərrüfata orta hesabla 1.7 hektar torpaq sahəsi düşür. Azərbaycanın 86% ərazisində bu göstərici 1.7 hektar olduğu halda, əhəmiyyətli hissəsi dağlıq zonada yerləşən işğaldan azad olunmuş ərazilərdə bu necə 5 hektar ola bilər? Sonra düşündüm ki, bəlkə “Torpaq islahatı haqqında" qanunu mən düzgün oxumamışam deyə bu bənd yadımda deyil. Bəlkə orada belə bir bənd var idi, amma 1996-ci ildən bu yana niyəsə ölkə üzrə yerinə yetirilməmişdi. Amma nə qədər axtardım elə bir bənd tapa bilmədim. Bu azmış kimi nazir qeyd edir ki, bir fermerə bu gün 1,8 parsel sahə düşür. Yəni bir sahə 1.7 hektardan azdır. Başqa sözlə sahələr o qədər kiçikdir ki, orada normal iqtisadi fəaliyyət qurmaq qeyri-mümkündür. Bəs burada işğaldan azad olunmuş ərazilər nə baş verib? Sonra yadıma düşdü ki, orada heç torpaq islahatı hələ də keçirilməyib. Yəni bəlli olmayan səbəblərə görə (yeri gəlmişkən, 5 hektardan fərqli olaraq, işğaldan azad olunmuş torpaqlar “Torpaq islahatı haqqında" qanunda birbaşa qeyd olunur: “işğal altından azad olunan torpaqlarda islahatın aparılması, həmin ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir”) müvafiq ərazilərdə torpaq islahatı keçirilmir. Dövlət hətta heç nəyi gözləmədən kəndlilərə məxsus torpaqları 50 illik bu və ya digər aqroholdinqlərə paylayır. Hətta oraya köçürülən insanlara belə torpaq verilmir. Nazir əlavə edir ki, “ona görə də bəzən fermerlər torpaq sahələri az olduğundan birləşərək kooperativlər və ya ailə kəndli təsərrüfatları, fermer təsərrüfatları yaradırlar. Artıq müxtəlif kəndlərdə bir neçə həm kooperativlər, həm ailə kəndli fermer təsərrüfatları yaradılıb və onlara həmin torpaqlar təhkim olunur”. Kolxozların yaradılması gözəl bir işdir. Prinsipcə mən də kollektiv təsərrüfatın tərəfdarıyam. Amma kollektiv təsərrüfat kollektivin qərarına uyğun yaradılmalıdır. Yəni hökumət nəyəsə məcbur edirsə bu artıq “kolxoz” yox, “sovxoz” olur. Bu isə bir qədər fərqli anlayışlardır. Başqa tərəfdən insanlarda mülkiyyət olmaya-olmaya (hətta kolxozlarr yarananda insanların mülkiyyət hüququ var idi və öz mülkiyyətləri ilə daxil olurdular) onlar nəyi birləşdirirlər? Sərəncamlarına verilmiş torpaqları birləşdirirlər? O zaman istehlakçı kooperativi yaratmaq daha məqsədəmüvafiq olardı. Yeri gəlmişkən, nazir də bir nümunəni təsvir edir “Ağalını misal çəkə bilərəm, 32 fermer birləşərək üç kooperativ yaradıb. Onlara 51,6 hektar torpaq təhkim olunub və müqavilələr bağlanıb”. Yəni 32 fermerə hansısa bəlli olmayan qərara görə 51.6 hektar torpaq ayrılıb (yeri gəlmişkən, Azərbaycanda digər rayonlarında olduğu kimi adambaşı 1.6 hektar). Bu torpaq onların mülkiyyətində deyil. Hələ də deyiblər ki, siz hərəniz ayrıca bu torpaqdan istifadə edə bilməyəcəksiniz. Ona görə birləşin. 51.6 hektarlıq ərazidə 3 (!) kollektiv təsərrüfat yaradılıb. Müqayisə üçün, Ağalı kəndinin yaxınlığında yerləşən “Dost Aqropark”ın ərazisi 6 min hektar təşkil edir. Niyə kəndlilərə 50 hektar, hansısa aqroholdinqə 6 min hektar verilib – bunu əlbəttə ki, nazirdən soruşan olmayıb. Ondan ümumiyyətlə müsahibə zamanı nəsə soruşan olmayıb.

  • Zərərli vərdişlər haqqında: DSK-nın məlumatına görə elektron siqaretlər və analoji fərdi elektrik buxarlandırıcı qurğuların idxalı 2026-ci ilin ilk beş ayı ərzində 2024-cü ilin göstəricisini ötüb. Eyni zamanda 2025-ci ildə 2024-cü il ilə müqayisədə idxalatı demək olar ki, 5 dəfə artıb. Müvafiq siqaretlərdə istifadə olunan məhsulların idxalatı da ciddi sürətdə artır. 2026-ci ilin 5 ayı ərzində keçən ilin yarısı həcmində idxalat həyata keçirilib (keçən ilin eyni dövrü ilə müqayisədə 38% artım).

  • 24 июл.1 58866

    Tez-tez qeyd etdiyimiz kimi Azərbaycan iqtisadiyyatı dövlət büdcəsinin xərclərindən ciddi olaraq asılıdır (yadımdadır ki, vaxtilə bəzi iqtisadçılar deyirdilər ki, bu yolla hökumət "neft gəlirlərinin iqtisadiyyata təsirini neytrallaşdırır"). İndi də iqtisadiyyatda müşahidə olunan problemlərin səbəblərindən biri məhz dövlət büdcəsi xərclərinin azaldılmasıdır. Başqa tərəfdən ilin əvvəlindən deyilir ki, hökumət işçiləri ixtisar edir və bununla qənaət əldə etməyə çalışır. Düzdür başqa maddələr üzrə "qənaəti" görmək olur, amma dövlət büdcəsi hesabına ödənilən maaşlarda nəsə bunu görmək çətindir. Maliyyə nazirliyinin məlumatına görə "ştatda olan işçilərin əməkhaqqı" xərcləri bu ilin yanvar-may aylarında keçən ilə nisbətdə 23.6% artıb. Aylıq olaraq 434 milyon manata çatıb (konkret may ayında isə 34.5%-lik artım qeydə alınıb).

  • O gün dediyim statistikaya dair: deməli səhər işə gedərkən yolüstü gördüm ki, 2025-ci ilin oktyabrında böyük pafosla şəhərin mərkəzində açılmış Mytcha Baku MMC-ə məxsus kafenin yerində artıq “Shaurma N1”-nın lövhəsi yerləşdirilib. Göründüyü kimi bütün dəstəyə və s. baxmayaraq müvafiq kafe cəmi 8 ay fəaliyyət göstərə bildi. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatlarına əsasən deyə bilərik ki, Shaurma N1-in sahibi dəyişib. İyul ayının əvvəlindən şəbəkəyə məxsus bütün obyektlər tədricən Rinad Rəfail oğlu Əliyevin adına keçirilir. Köhnə sahibin (Fərid Ramiz oğlu Zalovun) adına hələ ki yalnız 4 obyekt qalıb (cəmi 31 restoran daxildir). Maraqlıdır ki, ölkədə ən iri restoran şəbəkələrindən biri olan Shaurma N1-in sahibi dəyişib (müqayisə üçün, McDonaldsın 36, GFC-nin isə 70 restoranı mövcuddur), amma iqtisadiyyata aid olan media orqanlarının bu barədə heç bir məlumatı yoxdur. Başqa ölkə olsaydı bu barədə bütün KİV-lər yazacaqdı, bizdə isə...

  • 22 июл.4744из abzasmedia

    “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə Milli Mətbuat Günü münasibətilə həbsxanadan mesaj göndərib. “Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilən jurnalist mətbuat azadlığı ilə ölkənin iqtisadi inkişafı və rifahı arasındakı əlaqəyə diqqət çəkib. “2026-cı il Dünya Mətbuat Azadlığı Reytinqinə görə Azərbaycan 180 ölkə arasında 171-ci yerdədir. Mətbuat azadlığı reytinqində son 10-luqda olan bir ölkənin nə insan inkişafı, nə də iqtisadi rifah baxımından ilk 10-luqda olması mümkündür. Çünki mətbuat azadlığı təkcə ifadə azadlığı deyil, həm də hesabatlılığın, şəffaflığın, yəni, sağlam iqtisadi mühitin təməlidir. Təməl zəiflədilir, dağıdılırsa, inkişaf və rifaha çatmaq da çətinləşir”. https://shorturl.at/MKygp

  • Mikayıl Cabbarov: “ bunun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu da müəyyən edirik”. DSK-nın məlumatına görə bu ilin iyun ayında dövlət investisiyaların həcmi 1.4 milyard manat təşkil edib (2.2 dəfə çox). Eyni zamanda əgər yanvar-may aylarında dövlət investisiyaların dövlət büdcəsinin xərclərində payı 18.5% təşkil edirdisə, iyun ayında bu göstərici 41.0% çatdı. Başqa sözlə hökumət qısamüddətli effekt naminə dövlət büdcəsini xərcləməyə başladı (yeri gəlmişkən, təsadüfən ya yox, amma mərkəz ətrafında bir çox özəl layihələrin tikintisi də birdən birə bərpa olundu). İndiki vəziyyətdə bu xərcləri dayandırmaq onsuzda mənasız idi. Amma hər hansı bir xüsusi addım da atılmayıb. Son zamanlar reklam edilən ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı iqtisadiyyat üçün hər hansı bir əlavə imkan yaratmır. Yəni indi hər hansı institusional və ya inzibati (misal üçün, quru sərhədlərin açılması müvəqqəti olsa da ölkə iqtisadiyyatında canlanma yaradacaq) addım atmaq vaxtı gəlib.

  • Şort söhbəti yeni yüksəklikləri fəth edir Deməli hansısa keçmiş məmurları işə şortda gəlməkdə "ittiham" ediblər. Mən olsa idim, heç fikir də verməzdim, və ya deyərdim ki, görün nə gözəl və azad mühitdə işləmək imkanım olub. Amma sən demə məmurlar işə şortda gəlməyi özlərinə qarşı "işgüzar nüfuzuna qərəzli şəkildə xələl gətirən addımlar" kimi qiymətləndirirlər. Bu məlumatı yayan KİV qeyd edir ki, "fəaliyyət göstərdikləri sahələr üzrə peşəkar mütəxəssis kimi tanınıb". Şort və peşəkarlıq arasında necə bir münasibat olduğunu media dəqiqləşdirmir.

  • Azərbaycanın kənd təsərrüfatı məhsulların ixracında son iki ilin tendensiyasını görə bilərsiniz. Hələ də Azərbaycanın Rusiyadan asılılığı davam edir. Yəni ixracımızın həcm olaraq 83%, dəyər olaraq 77%-i Rusiyanın payına düşür. Düzdür dəyər olaraq Almaniya və digər Avropa ölkələrin payı artmağa başlayıb. Misal üçün, həcm olaraq 0.5% təşkil edən Almaniya ixracı dəyər olaraq 4.5%-ə bərabərdir.

  • Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, 2025-ci ildə Azərbaycanda ümumilikdə 12 969 nəfər ali və orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Müqayisə etdikdə bu "Tələbə-Məzun" sisteminin mövcud olduğu dövrdən bəri ən yüksək göstəricidir. Bu rəqəm bütöv ali və orta təhsil sistemini əhatə edir. Adətən ali təhsil adı altında daha çox bakalavr səviyyəsi nəzərdə tutulur. 2014-2025-ci illəri əhatə edən iki səbəbə görə xaricedilmə göstəricilərini bir qrafikdə toplamağa çalışdım. Göründüyü kimi akademik borca görə xaricedilmələrdə qəribə dəyişikliklər baş verir (gah 2 dəfə düşür, gah da 3 dəfə artır). Təhsil haqqının ödənilməməsinə görə xaricedilmələrin sayında isə sabit artım müşahidə olunur. p.s. düzdür deyə bilərsiniz ki, tələbələrin də ümumi sayı artır. Amma faiz nisbətində də artım müşahidə olunur. Belə ki, 2023-2024-cü illərdə bu göstərici 2.1% səviyyəsində idisə, 2025-ci ildə 2.6%-ə kimi artdı.

  • Bir az Azərbaycan tarixindən: deməli dünən Bakı Metropoliteni öz Facebook səhifəsində SZ (süni zəka) ilə hazırlanmış bir video yerləşdirdi. Adətən belə tipli videolara baxmıram, amma gördüm ki, stansiyaların köhnə görkəmini əks etdirən şəkilləri göstərirlər və maraqlı gəldi. Deməli videoda 5 stansiya göstərilib və yalnız "Sahil" stansiyasının köhnə xarici görünüşünə dair şəkil yoxdur. Ümumiyyətlə Sahil (və ya keçmişdə "26 Bakı Komissarları") stansiyasının köhnə xarici görünüşünə dair şəkili internetdə tapmaq bir qədər çətindir (amma mümkündür, misal üçün burada), amma görünür ki, Bakı Metropolitenin özündə də bunu tapmaq çətindir (yəni arxivdə bir dənə də şəkil yoxdurmu?). Sonra da deyirik necə bu və ya digər abidə, hadisə yaddan çıxılır. Belə də olur. İndi artıq az adam yada sala bilər ki, bu stansiya vaxtilə heç bir binanın içində deyildi və s. Bu hələ bizim gördüyümüz hadisədir. Təsəvvür edin ki, 100 il əvvəl baş verən hadisəyə dair yaddaş necə tez silinir.

  • Mən təxmini 2023-cü ildən bəri bu reyestr məlumatlarını yükləyirəm. Təəssüflər olsun ki, bu reyestr davamlı olaraq hansısa alət vasitəsilə yükləmək mümkün deyil. Ona görə nəsə izləmək bir az çətindir. Amma bununla belə müəyyən bir müəssisə bağlanandan sonra bir müddət keçdikcə reyestrdən silinir. Silinən obyektləri mən görmürəm, amma sağ olsunlar ən azı mövcud olan obyekt sayını göstərirlər. Əgər mənim yüklədiyim və onların təqdim etdikləri rəqəmləri müqayisə etsək görə bilərik ki, Azərbaycanda ən azı hər 4 restoran/kafedən 1-i bağlanır. Dediyim kimi hansı tezlikdə və hansı səbəbə dair məlumat tapmaq çətindir. Pərakəndə satışda bir qədər başqa tendensiya mövcuddur. Orada müasir ticarət kanalı (yəni özünəxidmət və kassada ödəniş) ənənəvi ticarət kanalını sıxışdırmağa davam edir və sonuncusunun azalmasına gətirir. Bununla parallel olaraq bir sıra şəbəkələr, əsasən Oba supermarket və Al market, hər ay təxmini 20-30 yeni mağaza açırlar və bununla da nisbətən bağlanan obyekt sayı kompensasiya olunur.

  • Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş qida obyekt və subyektləri haqqında reyestr məlumatlarına əsasən deyə bilərik ki, 2019-2025-ci illərdə Azərbaycanda ən azı 5 min ictimai iaşə və 1 min pərakəndə satış mağazası bağlanıb.

  • Maraqlı faktlar sırasından: Kontur Arxitektura Layihə-Sənaye QSC 2024-cü ildə 19,8 milyon manat gəlir əldə edib. Bu vəsaitin 18,8 milyonluq hissəsi Ağdam Dəmir Yol və Avtovağzal Kompleksinin tikinti işlərindən əldə edib. 2025-ci ildə şirkət 45,2 milyonluq gəlirinin artıq 27,5 milyonluq hissəsini bu layihə hesabına qazanıb. Qeyd etmək lazımdır ki, şirkətin sahibi vaxtilə əməkdar mühəndis fəxri adı və Tərəqqi medalını almış Rizvan İlyas oğlu Rzayevdir. Vaxtilə Azəryolservis ASC və ADY QSC-nin rəhbər vəzifələrində çalışıb. 2025-ci ildə onun dividend gəliri 1.4 milyon manat təşkil edib.

  • 15 июл.1 03172

    Cədvəl 1. Çiyələk istehsalı və ixracı, min ton (2025-ci il üçün ümumi istehsal həcminə dair məlumat dərc olunmayıb. Təxminlərimiz hökumət tərəfindən elan olunan əkinlərin sahəsinə və orta məhsuldarlıq göstəricisinə əsaslanır).

  • 15 июл.1 12392

    Azərbaycanın qeyri-neft ixracatı haqqında Keçən ildən yadımdadır ki, çiyələyi (ümumi olaraq giləmeyvələri də) heç normal həcmdə əldə etmək imkanım (müqayisə üçün, keçən il cəmi 4 dəfə 300-400 qramm almışam, bu ilin may-iyun aylarında 6 dəfə daha böyük həcmdə) olmamışdı. Dövlət Statistika Komitəsi də təsdiqləyir ki, mövsümdən kənar və mövsüm zamanı çiyələyin qiymətində 2025-ci ildə dəyişiklik cəmi 13% olmuşdu (yəni mövsümdən kənar kiloqramı 5 AZN-ə satılırdısa, mövsümdə bu 4.33 təşkil etmişdi. Düzdür 2018-ci ildən bəri DSK bir sıra meyvə və giləmeyvələr üzrə absolyut qiymətləri təqdim etmir. Səbəbinə dair heç bir izah verilməmişdi). Mən adətən çiyələyin qiymətində düşməni gözləyib (bu il artıq gözləmədim), sonra onu almağa başlayıram. Səbəb da sadədir, qabaqlar həmişə çiyələyi 1 manatdan baha almamışam və eyni zamanda mövsümun gəlməyi ilə bazarda bolluq olur, bu da qiymətə təsir edir. Amma keçən il bolluğu müşahidə etmədim. Yalnız iyunun ortalarında qiyməti hardasa 2-2.5 AZN-ə kimi düşdü (müqayisə üçün, 2025-ci ildə Rusiyaya ixrac olunan çiyələyin orta qiyməti bir kiloqram üçün 1.86 AZN idi), amma artıq son partiyalar idi. Bəs bunun səbəbi nə idi? Dövlət Statistika Komitəsi bəlli olmayan səbəbə görə ölkə üzrə çiyələyin istehsalı haqqında məlumatı “digər giləmeyvə istehsalı” adı altında gizlədir. Misal üçün, ayrıca olaraq tut, albalı, gilas və s. haqqında məlumat var, amma konkret çiyələk ayrılmır. Ölkənin kənd təsərrüfatı ixracının 4%-ni təşkil edən məhsula dair məlumatı tapmaq çətindir. Hər bir halda 2016-ci ildən bəri ölkə üzrə çiyələk istehsalında artım başladı. Belə ki, 2016-ci ildə Azərbaycanda 2 min ton çiyələk istehsal olunmuşdusa (bu rəqəm 2000-ci illərin əvvəlindən sabit idi), 2017-ci ildə artıq 8.4 min tona çatdı. Bu da devalvasiyadan sonra “qeyri-neft iqtisadiyyatının inkişafı” çərçivəsində atılan addımlar nəticəsində baş verdi. Amma o dövrdə məhsulun əsas hissəsi daxili bazar tərəfindən istehlak olunurdu. Nəticə etibarilə ölkədə çiyələk bolluğu yaranmışdı. Daha bir böhrandan, karantindən, sonra görünür ki, yeni istiqamətlər axtarışında hökumət və aqrar şirkətlər çiyələyə rast gəldilər və.. başladı. 2021, 2022 və 2023-cü illərdə artıq çiyələk ixracının fiziki həcmi əvvəlki il ilə müqayisədə 2(!) dəfə artırdı. Nəticədə 2024-cü ilə sabit olaraq 20 min ton həcmində ixrac səviyyəsinə çatdı. Görünür ki, bu hökuməti razı salmadı və 2025-ci ildə yanaşma dəyişdi. Əgər Azərbaycan illərlə cəmi 2-3 min ton çiyələk ilə özünü təmin edirdisə, niyə daxili bazar üçün ayrılan həcm bundan çox olmalıdır? Ona görə 2025-ci ildə daxili bazara cəmi 5 min ton ayrıldı. Qalan məhsul isə ixraca getdi. Yeri gəlmişkən, əhəmiyyətli hissəsi ixraca gedən təkcə çiyələk deyil. Misal üçün, xurma üzrə bu göstərici 84.4%, şaftalı üzrə 81.6% və s. Ümumiyyətlə əgər ölkəmizdə bazarda bu və ya digər meyvə və ya tərəvəzin qiymətinin mövsümdə yüksək olmasını müşahidə edirsinizsə, deməli bu məhsulun əhəmiyyətli hissəsi ixraca gedir və daxili bazara satanlar buna görə də qiyməti qaldırırlar.

Mashalli — tgindex