AbzasMedia
СтатистикаAbzasMedia müstəqil və alternativ xəbər platformasıdır. Qaynar xəbərləri, gündəmlə bağlı dəqiq məlumatları bizdən oxuya bilərsiniz.
- Последний пост
- 14 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 28
- Всего постов
- 35
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 12 авг.
- 1/24сутки в ленте
- 86
- 1/48двое суток
- 98
- 1/72трое суток
- 106
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin azadlığa buraxılması tələbi ilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan onlayn imzatoplama kampaniyasına başlayıb. Təşkilat kampaniya ilə bağlı yaydığı bəyanatda bildirib ki, “Meydan TV” və onunla əlaqəli media qurumlarının 12 əməkdaşı aylardır həbsdə saxlanılır, onlardan bəzilərinin həbs müddəti ilyarımı keçib. “Amnesty International” onların müstəqil və tənqidi jurnalistika fəaliyyətinə görə həbs edildiyini hesab edir və insanları İlham Əliyevə ünvanlanan onlayn aksiyaya qoşulmağa çağırır. Təşkilat bildirir ki, Azərbaycanda uzun illərdir insan hüquqlarının, xüsusilə ifadə, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının vəziyyətinin pisləşməsini müşahidə edir. Bəyanatda qeyri-hökumət təşkilatları və müstəqil mediaya tətbiq olunan hesabatlılıq və icazə tələblərinin onların fəaliyyətini ciddi şəkildə məhdudlaşdırdığı qeyd olunur. Xəbərin davamı: https://shorturl.at/W5HoQ
“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşları Ramil Babayev və Əli Zeynal Ombudsman Aparatının həbsxanalarda insan hüquqlarının pozulması ilə bağlı müraciətlərə operativ reaksiya vermədiyini bildirirlər. Onlar Ombudsman Səbinə Əliyevaya ünvanladıqları müraciətdə həbsxanalardan quruma göndərilən ərizələrin çatdırılmadığını, telefon zənglərinin kəsildiyini və məhbusların şikayətlərinə gec reaksiya verildiyini iddia ediblər. Müraciətdə bildirilir ki, həbsxanalarda Ombudsmana müraciətlərin nəticəsiz qalması ilə bağlı şikayətlər geniş yayılıb. ““Yazdım, amma cavab gəlmədi”, “Müraciət etdim, iki ay sonra gəldilər. Faydası olmadı” ifadələri həbsxanalarda ən çox eşidilənlərdəndir. İşi insan hüquqlarının müdafiəsi olan qurumun fəaliyyətindən hüquqları pozulan şəxslərin xəbəri yoxdur. Daha ətraflı oxumaq üçün: https://shorturl.at/IZERg
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənovun 6 saylı Cəzaçəkmə Müəssisəsində döyüldüyü və hazırda vəziyyətinin ağır olduğu bildirilir. Bu barədə AXCP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Təzəxan Mirələmli avqustun 13-də sosial şəbəkədə məlumat yayıb. Mirələmlinin sözlərinə görə, Elnur Həsənov altı ay müddətinə qapalı rejimli həbsxanaya köçürülüb və bu müddət iyulun 30-da başa çatdıqdan sonra yenidən 6 saylı Cəzaçəkmə Müəssisəsinə aparılıb. O bildirib ki, bundan sonra Həsənovla əlaqə saxlamaq mümkün olmayıb: “Bu müddət ərzində nə özü zəng edib, nə də ondan bir xəbər almaq mümkün olub”. Daha ətraflı oxumaq üçün: https://shorturl.at/99k1j
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası hazırlanan yeni Konstitusiyada ölkənin Müstəqillik Bəyannaməsinə istinadın yer almayacağını təsdiqləyib. Müxalifət isə hakimiyyəti Konstitusiyanı Azərbaycanın tələblərinə uyğun dəyişdirməkdə ittiham edir. Hazırkı Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad var. Bəyannamədə isə Ermənistan SSR Ali Soveti və tanınmamış keçmiş “Dağlıq Qarabağ Milli Şurası”nın Ermənistanla Qarabağın “birləşməsi” barədə birgə qərarına istinad edilir. Azərbaycan hakimiyyəti dəfələrlə bu müddəanın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edib və bunun sülh sazişinin imzalanması üçün vacib şərtlərdən biri olduğunu bildirib. Daha ətraflı oxumaq üçün: https://shorturl.at/SWebD
“Toplum TV”nin həbsdə olan həmtəsisçisi, hüquqşünas Ələsgər Məmmədlinin səhhətindəki problemlərin davam etdiyi bildirilir. Ailəsinin sözlərinə görə, o, son iki gündə qida qəbul edə bilmir, baş ağrıları, ürəkdöyünmə və boğulma hallarından əziyyət çəkir. Bu barədə Məmmədlinin həyat yoldaşı Günay Məmmədli avqustun 13-də sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Ələsgər Məmmədli həbsdən ailəsinə zəng edərkən son iki gündə qida qəbul edə bilmədiyini, güclü baş ağrıları, ürəkdöyünmə və boğulma hallarının davam etdiyini bildirib. Günay Məmmədli deyib ki, həmin gün həyat yoldaşını ürəklə bağlı müayinə etmək üçün daha bir həkim gəlib və bir neçə analiz götürülməsi nəzərdə tutulub. Ailənin yaydığı məlumata görə, həkim sakit vəziyyətdə çəkilən EKQ-nin ürəkdəki mümkün ciddi problemi hər zaman göstərməyə biləcəyini deyib. Həkimin həmçinin yüksək nəbz və təzyiqin Məmmədlinin qalxanabənzər vəzindəki 23-25 millimetrlik şişlə əlaqəli ola biləcəyini bildirdiyi qeyd olunur. Daha ətraflı: https://shorturl.at/0CX4A
Azərbaycan Prezidenti İlham Əliyev ölkəni elektrik enerjisi ilə bağlı problemi olmayan nadir dövlətlərdən biri adlandırıb. Bununla belə, müxtəlif rayon və qəsəbələrin sakinləri elektrik enerjisinin uzunmüddətli və mütəmadi kəsilməsindən şikayət edir, rəsmi statistikada isə təchizatla bağlı minlərlə müraciət qeydə alınıb. İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, regionda elektrik enerjisi problemi olmayan nadir ölkələr arasında Azərbaycan “birincidir”. “Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır”, - prezident deyib. Yazının davamı: https://shorturl.at/1y5Bq
Siyasi fəal Rahim Musa iyulun 15-də saxlanılıb. Ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb və məhkəmə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu barədə “Abzas Media”ya danışan Rahim Musa ittihamı qəbul etmir. O, həbsini TikTok-dakı siyasi çıxışları, xüsusilə Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarov və onun “Sea Breeze” layihəsi ilə bağlı tənqidi paylaşımları ilə əlaqələndirir. Fəalın sözlərinə görə, İmişli Rayon Polis İdarəsinin əməkdaşları da saxlanıldığı gün ona TikTok-dakı çıxışlarına görə həbs ediləcəyini deyiblər. O ehtimal edir ki, son bir ayda “Sea Breeze” layihəsi ilə bağlı yayımladığı videolar həbsinə səbəb olub. “Bu ölkədə azad fikri ifadə etmək olduqca təhlükəlidir. Mən əsasən son bir ayda “Sea Breeze”lə bağlı çıxışlar etmişəm”, – Rahim Musa “Abzas Media”ya deyib. Daha ətraflı: https://abzas.info/az/2026/8/siyasi-feal-emin-agalarov-ve-dee11f35
2026-cı ilin ilk yeddi ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38 milyard 358,5 milyon manat olub. Əhalinin pərakəndə ticarətdə xərclədiyi hər 100 manatın 50 manatı ərzaq məhsullarının alınmasına gedib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyul aylarında satılmış malların 20 milyard 843,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514,6 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında artım 1,4 faiz, qeyri-ərzaq mallarında isə 6,6 faiz olub. İqtisadçılar bildirirlər ki, gəlirlər aşağı olduqca ailələrin büdcəsində ərzağa ayrılan pay yüksək, gəlirlər artdıqca isə aşağı olur. Onların fikrincə, təxminən 50 faizlik göstərici aşağı və orta gəlirli ölkələr üçün xarakterikdir. Xəbərin davamı: https://shorturl.at/M7QKu
Bununla yanaşı, Trampın və onun administrasiyasının rəsmilərinin paylaşımları dövlət siyasəti, hərbi əməliyyatlar və digər qərarlarla bağlı olduğuna görə tez-tez maliyyə bazarlarına təsir edir. İddiaçıların fikrincə, belə bir sxem korrupsiyalaşmış görünür və Konstitusiyaya ziddir. “Prezident bazara təsir edən dövlət məlumatlarını onun şəxsi şirkətinə pul ödəməyə hazır və buna imkanı olan şəxslərə təqdim etməklə maliyyə qazancı əldə edir”, - onlar bildirirlər. İyulda “Trump Media & Technology Group” (TMTG – Tramp yaradıb və onun “Truth Social” sosial şəbəkəsini idarə edir) “Truth API” xidmətini istifadəyə verdiyini açıqlayıb. Xidmət ödəniş müqabilində iri ticarət şirkətlərinə Trampın “Truth Social”dakı paylaşımlarına onlar ictimaiyyət üçün əlçatan olmamışdan əvvəl giriş imkanı verir. TMTG-nin baş direktoru Kevin MakGern bildirmişdi ki, “Truth API”nin artıq 10-dan çox abunəçisi var və onlar Trampın paylaşımlarına abunəlik üçün 60 min dollardan 100 min dollaradək ödəniş edirlər.
“The Intercept” nəşri və “Freedom of the Press Foundation” qeyri-kommersiya təşkilatı ABŞ Prezidenti Donald Trampa qarşı məhkəmə iddiası qaldırıb. Onlar Trampın “Truth Social” sosial şəbəkəsindəki paylaşımlarına erkən giriş imkanı verən ödənişli “Truth API” xidmətinin bloklanmasını tələb edirlər. Bu barədə CNBC məlumat yayıb. İddiada deyilir ki, Tramp öz paylaşımlarına, həmçinin Ağ Evin, vitse-prezident Cey Di Vensin, FTB direktoru Kaş Patelin və administrasiyanın digər nümayəndələrinin paylaşımlarına əvvəlcədən giriş üçün ayda 100 min dollar alır.
Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri 2025-ci ilin avqustunda keçirilmiş Vaşinqton sammitinin birinci ildönümü münasibətilə ABŞ paytaxtında görüşüblər. Avqustun 10-da baş tutan görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker iştirak ediblər. Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin avqustunda keçirilmiş sammitin təşkilində və bundan sonra Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəlilədilməsində rolunu yüksək qiymətləndiriblər. Eyni zamanda, ötən dövr ərzində əldə olunan nəticələri, regional infrastruktur layihələrini və etimad quruculuğu tədbirlərini müzakirə edilib. Xəbərin davamı: https://shorturl.at/XWaJx
Həbsdə olan tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov görmə qabiliyyətinin ciddi şəkildə zəiflədiyini bildirərək beynəlxalq ictimaiyyəti onun azadlığa buraxılması üçün daha fəal olmağa çağırıb. Səmədovun Umbakı Penitensiar Kompleksindən göndərdiyi müraciəti yaxınları sosial şəbəkələrdə yayıblar. O, müraciətində həbsdə saxlanılmasını sülh gündəliyinə zidd hesab etdiyini bildirib: “Vaşinqton razılaşmasından artıq bir il keçməsinə baxmayaraq, onun bəndlərinin kobud şəkildə pozulması fonunda, sülh gündəliyinə tam zidd olaraq mən hələ də hər cür məhrumiyyətlər altında həbsdə saxlanılıram. Gözlərimlə əlaqədar hələ də yanıma həkim gəlməyib. Kor olmaq dərəcəsindəyəm. Bütün beynəlxalq ictimaiyyəti mənim azadlığım üçün daha çox çalışmağa səsləyirəm”. Səmədov bundan əvvəl tarixçi Altay Göyüşova ünvanladığı məktubda da görmə qabiliyyətinin pisləşdiyini bildirib və akademik ictimaiyyətin vəziyyətindən xəbərdar edilməsini istəyib. Daha ətraflı oxumaq üçün: https://shorturl.at/z6M99
İmamoğlunun hesabında Özgür Özelin rəhbərlik etdiyi “Yeni Parti”yə dəstək və üzvlük üçün keçidlər də paylaşılıb. Əkrəm İmamoğlu 2025-ci il martın 23-dən İstanbulun Silivri rayonundakı Marmara həbsxanasında saxlanılır. O, İBB ilə bağlı “korrupsiya” ittihamları üzrə əsas məhkəmə işinin mərkəzindədir. Prokurorluq İmamoğlunun “cinayətkar təşkilat” yaratdığını və ona rəhbərlik etdiyini iddia edir. İttiham aktında onun 142 epizod üzrə müxtəlif cinayətlərdə məsuliyyət daşıdığı irəli sürülür. İmamoğlu ittihamları rədd edir və ona qarşı aparılan məhkəmə proseslərini siyasi motivli hesab edir. Onun barəsində bundan başqa da bir neçə cinayət işi üzrə məhkəmə prosesi davam edir. CHP daxilində parçalanma partiyanın qurultayı ilə bağlı məhkəmə qərarından sonra daha da dərinləşib. Kemal Kılıçdaroğlunun partiya rəhbərliyinə qayıtmasından sonra Özgür Özel iyulun 24-də CHP-dən istefa verib. Özel də daxil olmaqla ümumilikdə 91 deputat CHP-dən ayrılaraq Yeni Partinin qurucular heyətinə daxil olub. “Yeni Parti”nin açıqlamasına görə, indiyədək 232 bələdiyyə sədri CHP-dən istefa verib. İyulun 27-də isə əvvəlki çağırışlarda CHP-ni parlamentdə təmsil etmiş 265 keçmiş deputat partiyadan ayrıldıqlarını və “Yeni Parti”yə dəstək verəcəklərini açıqlayıb.
Həbsindən sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. İmamoğlunun sosial media hesabından avqustun 12-də yayılan açıqlamada onun CHP-də 17 illik üzvlüyünə son verdiyi bildirilib. “Bu qərar ölkəmizin gələcəyi ilə bağlı inandığım dəyərlərin və xalqımız qarşısında daşıdığım məsuliyyətin nəticəsidir”, - açıqlamada deyilir. İmamoğlu bildirib ki, Türkiyənin “daha güclü, daha demokratik və daha ümidli gələcəyi” üçün yeni yol açırlar: “Hamınızı bu yürüşün bir hissəsi olmağa, ümidi birlikdə böyütməyə və gələcəyi birlikdə qurmağa dəvət edirəm”.
Azərbaycanda 2026-cı ilin iyulunda istehlak qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artıb. İyun ayı ilə müqayisədə isə qiymətlərdə 0,1 faiz azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk yeddi ayında istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz yüksəlib. Ən yüksək artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarında qeydə alınıb - bu qrup üzrə qiymətlər 6,8 faiz bahalaşıb. Ödənişli xidmətlər 5,7 faiz, qeyri-qida məhsulları isə 3,8 faiz bahalaşıb. İyulda qida məhsullarının qiyməti iyunla müqayisədə 0,4 faiz azalsa da, ötən ilin iyuluna nəzərən 7,3 faiz yüksək olub. Ay ərzində uzun düyü, makaron, mal və qoyun əti, qatıq, kəsmik, yumurta, marqarin, limon, albalı, gilas və ərik kimi məhsullar bahalaşıb. Ağ kələm, göyərti, yerkökü, soğan və süfrə duzunda da qiymət artımı qeydə alınıb. Xəbərin davamı: https://shorturl.at/3jstZ
2026-cı ilin ilk yarısında Azərbaycanda muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1174,4 manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur. İyulun 1-nə olan məlumata görə, ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 787,4 min nəfər təşkil edib. Onların 844,6 min nəfəri dövlət, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb. Muzdla çalışanların ən böyük hissəsi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin payına düşüb - 18,8 faiz. Təhsil sektorunda çalışanlar ümumi sayın 17,8 faizini, sənayedə çalışanlar isə 13,9 faizini təşkil edib. İşçilərin 8,6 faizi səhiyyə və sosial xidmətlər, 6,7 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət sahələrində çalışıb. Maliyyə və sığorta sektorunun payı 2,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın payı 2,3 faiz olub. Muzdla çalışanların qalan 15,1 faizi iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.
Amnesty International” Azərbaycanda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və “Toplum TV”nin həmtəsisçisi, media hüquqşünası Ələsgər Məmmədlinin səhhətinin ciddi şəkildə pisləşdiyini bildirir. Beynəlxalq insan hüquqları təşkilatı Azərbaycan hakimiyyətini onların lazımi tibbi yardımla, içməli su və normal havalandırma şəraiti ilə təmin edilməsinə çağırıb. Təşkilat, həmçinin Ukrayna hakimiyyətindən Əli Kərimlinin keçmiş mühafizəçisi, siyasi fəal Bəhruz Həsənlinin Azərbaycana ekstradisiya edilməməsini istəyib. “Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib ki, Kərimli və Məmmədlinin yaxınları və vəkillərinin məlumatlarına əsasən, onların səhhəti həbs şəraitinin qeyri-adekvat olması və zəruri tibbi yardıma çıxışın məhdudluğu səbəbindən ciddi şəkildə pisləşib. Xəbərin davamı: https://shorturl.at/JLFIM
2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olan işsizlərin sayı 248,5 min nəfərə çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 3,6 faiz artım deməkdir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik “Pul Siyasəti İcmalı”nda bildirilir. Ötən ilin eyni dövrü ilə müqayisədə artım daha yüksəkdir. 2025-ci il iyulun 1-də Dövlət Məşğulluq Agentliyində 229,1 min nəfər işsiz kimi qeydiyyatda olub. Beləliklə, bir il ərzində qeydiyyatda olan işsizlərin sayı 19,4 min nəfər və ya təxminən 8,5 faiz artıb. AMB bildirir ki, real sektorun monitorinqi çərçivəsində aparılan sorğulara əsasən, iyun ayında məşğulluq gözləntiləri qeyri-neft-qaz sənayesinin bəzi sahələrində, o cümlədən plastik məmulatlar istehsalı, metallurgiya və tikinti materiallarının istehsalında daha yüksək olub. Davamını oxuyun: https://shorturl.at/xJPw6
18 il azadlıqdan məhrum edilən talış tədqiqatçısı İqbal Əbilovun media qurumlarına qarşı qaldırdığı mülki iddia təmin edilməyib. Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, avqustun 11-də Yasamal Rayon Məhkəməsində Əbilovun həbsindən sonra onun haqqında yayımlanmış materiallarla bağlı iddia üzrə növbəti proses keçirilib. Əbilov iddiasında “ATV”, “Trend”, “Hit. az” və “Qafqazinfo” kimi media qurumlarının yayımladığı materiallarda təqsirsizlik prezumpsiyasının pozulduğunu, şərəf və ləyaqətinə xələl gətirən məlumatların dərc edildiyini bildirib. O, həmin məlumatların hüquq pozuntusu kimi tanınmasını, cavab vermək hüququnun təmin olunmasını, media qurumlarının üzr istəməsini və mənəvi zərərə görə ümumilikdə 6 min manat kompensasiya ödənilməsini tələb edib. Xəbərin davamı: https://shorturl.at/ZJawm
Azərbaycanda iqtisadi artım ilin ilk yarısı ilə müqayisədə sürətlənsə də, aşağı templə davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,2 faiz artıb. İlin ilk altı ayında ÜDM artımı cəmi 0,8 faiz olmuşdu. Həmin dövrdə neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalmış, qeyri-neft-qaz sektorunda isə 1,5 faiz artmışdı. İqtisadçı Natiq Cəfərli iqtisadi artımın zəifləməsini yalnız dövlət layihələrinin gecikməsi ilə izah etmir. O, iyunda bildirmişdi ki, əsas problem iqtisadi aktivliyin zəifləməsidir. İqtisadçı Toğrul Vəliyev isə zəif artımın əsas səbəbləri sırasında neft hasilatının azalmasını və bunun fonunda dövlət investisiyalarının zəifləməsini göstərir. Yazını oxumaq üçün: https://shorturl.at/Dmbtc