tgindex
Hacının kanalı

Hacının kanalı

Статистика

Maraqlı söhbәtlәr, analizlәr, keyslәr vә şәxsi fikirlәr.

Последний пост
13 авг.
Последнее чтение
15 авг.
Постов за неделю
1
Всего постов
20
Тип
открытый
Язык
казахский
Категория
Новости и СМИ (по похожим)
В каталоге с
14 авг.
Подписчики
682
0 за 2 дн.
Сутки
0
0,00%
Неделя
 
Месяц
 
Просмотров на пост
423
20 постов
Вовлечённость
62,0%
к подписчикам
Постов в день
0,1
всего 20
Упоминаний
0
каналов
Охват размещения
оценка
1/24сутки в ленте
90
1/48двое суток
103
1/72трое суток
111

Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.

Посты

  • Bu gün çox gözəl bir esse oxudum. Hər şeyi optimizasiya etməyə çalışan insanın mənəvi deqredasiyası barədə. Siz də oxuyun. https://open.substack.com/pub/nyphilosophy/p/the-examined-life-in-the-age-of-optimisation?utm_source=share&utm_medium=android&r=2okfgb

  • Əvvəli yuxarıda 🔺🔺🔺 Oğlu da gedib göldə boğulur. Allaha inanmayan, elmə inanan alim ata yekunda öz oğlunu itirir. Dekaloqun birinci hissəsi "Allahdan başqa ilah yoxdur" adlanır. Keşlovski bir neçə şeyi birləşdirir. Həzrəti Musaya gələn 10 əmri götürür, beş əsr əvvələ aid metaforu götürüb müasir dünyaya köçürür və insanın xətası kimi elmi mərkəzə qoymağı göstərir. Bir növ, modernitenin tənqidini özünəxas formada edir, özü də ta yüz illər əvvəlin fikri ilə. Bəlkə də, məşhur ifadədə deyildiyi kimi, dünyada deyiləsi yeni heç nə yoxdur, amma deyilənləri sintez edib yeni nəsə yaratmaq da xeyli mümkündür. "Dekaloq"u hələ izləməmisinizsə, özünüzə yaxşılıq edib izləyin.

  • Buz üstündə gəzmək və Keşlovski Gördüyünüz rəsm əsəri İeronimos Bosxun "Müqəddəs Antoninin şirnikləndirilmələri" (Temptations of St Antony) triptixinin sol hissəsidir. Bu aralar Bosx yaradıcılığına həsr olunmuş Taschen nəşrini oxuyuram, çox maraqlı məlumatlar əldə edirəm, həm də Xristian teologiyasına dair incə məqamları öyrənirəm. Burada əsərin aşağısında dimdiyində məktub gətirən şeytan var. Ayaqlarına fikir versəniz, konki geyinib. Orta əsrlər və Erkən Renesans dövründə konki çox maraqlı metafor imiş. Dünyanın səhv istiqamətdə olduğunu və insanların buz üstündə konki sürənlərə bənzədilməsi var imiş. Buz qırılır, insanlar ehtiyatsızlıqdan ölür. Bir növ öz yolunu azmağın, haqqı nahaqla qarışdırmağın işarəsidir. Keşlovski "Dekaloq" serialında Musa peyğəmbərə enən on əmri müasir dövrə adaptasiya edir. Serialın ilk hissəsi elmi bütləşdirən atanın oğlu ilə münasibəti barədədir. Ata buz üstündə konki sürmək istəyən oğlu üçün gölün buzunun qırılıb-qırılmayacağını ölçür. Oğlunu əmin edir ki, heç nə olmayacaq.

  • John Bergerin "Ways of seeing" (Görməyin yolları?) kitab olaraq illər-illər əvvəl oxumuşdum. Dünən təsadüfən qarşıma eyniadlı sənədli filmi çıxdı. 1972-ci ildə çəkilib. Berger bir marksist olaraq yağlı boya rəngkarlığının daxili fəzilətlərindən daha çox təmsil etdiyi şeylə maraqlanır. Dörd seriyadan ibarətdir, hərəsi 30 dəqiqə. Hər seriyada bir arqument atır ortaya. Birinci seriyada Valter Benyamində gördüyümüz reproduksiya etmək imkanının formalaşdırdığı münasibətləri analiz edir. Ümumi arqument bundan ibarətdir ki, əsərlərin çoxaldıla bilməsi onun sakrallığını dağıdır və yağlı boya əsərlərini daha sekulyar dünyanın parçasına çevirir. İkinci hissədə çılpaqlıq və nyud arasındakı fərqdən bəhs edir, qadınların görülən kimi təsvirin bəhs edir. Bu məsələ feminist teoriyada da ələ alınır. Hətta "Alovlanmış qadının portreti" filmində də var bu maraqlı formada. Üçüncüdə yağlı boya rəsm əsərlərinin məzmunlarını ələ alır və bunların əksərən mülklə, nəsil-nəcabətlə əlaqəli olduğunu mübahisələndirir. Sonuncu seriyada isə reklamların yağlı boya rəsmlərlə bənzər və fərqli tərəfindən danışır. Bir növ yağlı boya rəsmlərinin məntiqi davamı olaraq qarşımıza reklamların çıxdığını deyir. Yutubda var, izləyə bilərsiniz.

  • John Yorke-un "Into the woods" kitabını oxuyuram. Bu kitab dramaturgiya barədə ötən dekadada bestseller olan kitablardan biridir və kifayət qədər rəğbət görüb. John Yorke BBC-də, Channel 4-də dramaturgiyadan məsul şəxs kimi işləyib. Kitabın əsas konsepsiyası indi ənənəvi qəbul edilən 3 aktlı quruluşu genişləndirib 5 aktlıya çevirməkdən ibarətdir. Hələlik cəmi 70 səhifə oxusam da, ən xoşuma gələn məqam müəllif Romalı Terensdən üzübəri bir çox yazıçıları yad edir, Şekspirə, Eugene Scribeyə toxunur, Trubinin, Devid Mametin konseptlərini çək-çevir edir, Breaking Bad və başqa bir çox müasir işlərə toxunur. Freytaqın Piramidasından, Layos Eqrinin dramaturgiya qeydlərindən bəhs edir. (Bu konseptlərə Nadir Bədəlov da "Kino sözlə göz arasında" toxunmuşdu, o da dəyərli kitabdır) John Yorke bir məqamda Çarli Kaufmanı tənqid edir. Kaufman 21-ci əsrin ən yaxşı ssenaristlərindən biridir və şübhəsiz ki, onun dediyi hər bir söz diqqətəlayiqdir. Kaufman deyir ki, üç aktlı struktur mənlik deyil, çünki bu yaradıcılıq deyil, mexaniki bir şeydir. Kaufmanın bu fikri bir çox yaradıcı insanlar tərəfindən də səslənir, xüsusilə arthaus sevən, müəllif kinosunu müdafiə edənlər üçün. Yorke isə deyir: "Kaufman bunu tənbəlləşdirici məqam kimi görür və haradasa haqlıdır, amma istənilən universal hekayədə qanunauyğunluqlar var, hətta Kaufmanın yazdığı ssenarilərdə də. O, məzmun ilə formanı qarışdırır. Məzmunun nə olmasından asılı olmayaraq, hekayə forması eyni alınır. Bu bizim şüuraltımızda minillərdi mövcud olan kodlardır." Baxdım, nə rus, nə türkcə tərcüməsi var. Amma istifadə etdiyi dil nisbətən asandır. Oxumağı tövsiyə edirəm. Xüsusilə sətirarası verdiyi əlavə məlumatlar əladır. Bitirəndə ətraflı yazaram bəlkə də. Bu arada, bu kitabı birinci dəfə "Səkkiz" serialının ssenaristi Azər Səlimlidən eşitmişdim. Ona da təşəkkürlər. Bütün bu dramaturgiya kitabları hamısı aşağı-yuxarı eyni şeyləri danışırlar. Biri hekayəni üç aktı, digəri dörd akta, Yorke isə beş akta bölür. Bir-iki fərqlilik xaric, demək olar hamısı bənzər elementlərdən bəhs edirlər. Bəs niyə bu kitabların bir çoxunu oxumaq vacibdir? Şəxsən mən hər dəfə oxuyanda, eyni fikirləri təkrar-təkrar gördükcə beynimə dərindən həkk olunduğunu hiss edirəm. Bu kitablarda yazılanlar sadəcə məlumatdan çıxıb mənim baxışımı dəyişən praktiki alətlərə çevrilir. Gecə saat üçdə yuxudan oyatsalar da, demək olar ki, tətikləyici hadisə qəhrəmanın stabil həyatını pozub onu yeni macəraya tulladığı andır, ikinci aktın ortası yalançı qələbə/yalançı məğlubiyyətdir, ikinci aktın sonu da qəhrəmanın ölümüdür, ən çarəsiz anıdır. 😁

  • Bu kitabı oxuyanda xeyli zövq aldım. Belə başa düşdüm ki, John Banville-in özünəxas nəsri var və tərcümədə də onu qorumağa çalışıblar. Xüsusilə qəhrəmanın Pierre Bonnard haqqında əsər yazmağa çalışan sənətşünas olması və əsərin özünün də Bonnardın yaradıcılıq stilistikası ilə səsləşməsi maraqlı tapıntı idi. Oxumamısınızsa, tövsiyə edirəm. 2005-ci ildə Buker alıb. 🤝

  • Elə filmlər var ki, bitəndən sonra səni düşünməyə, çözələməyə vadar edir. Bir-bir bütün detalları yadına düşür, özündə götür-qoy edirsən. Film barədə ilk təəssüratın yüksək olmasa da, zamanla film sənin gözündə yüksək dəyərə minir. Çox nadir hallarda isə tam əksi olur. Film sənə yaxşı imiş təəssüratı bağışlayır, amma düşündükcə həmin təəssürat zəifləyir, sönükləşir, maraqsızlaşır. Film özü haqqında düşündürəcək nəsə vermir, çünki təklif etdiyi əksər şeylər səthidir. Təəssüf ki, Odissey filmi də ikincilərdəndir. 2017-ci ildə "Odissey" tərcüməsi nəşr olunan Emily Wilson (Oksfordda magistr, Yaleda doktoranturası var, kifayət qədər güclü akademik keçmişi var, yo?) film haqqında yazıb. Nolanı yıxıb-sürüyüb, göz verib, işıq verməyib. Məqalənin əvvəlində "Odissey filmi rejissorun ənənəvi kombinasiyasını təqdim edir - qrandiozluq və səthilik" cümləsi Nolan haqqında bütün düşündüklərimi bir cümlədə ifadə edir. Nolanın filmləri böyükdür, amma eyni zamanda da səthidir. Niyə səthi olduğunu Emily xanım gözəl ifadə edib. Məqaləyə keçid üçün bura klikləyin.

  • 25 июл.1 270174

    Birinci hissə yuxarıda 🔼🔼🔼 Matt Damonun Odisseyi isə rejissor yozumundan dolayı birxətlidir, istər-istəməz hiyləgər ruhunu verməyib, amma buna baxmayaraq, nüanslarda obrazın çoxqatlılığını aça bilərdi, məncə isə, bunda uğurlu olmayıb. Nolan öz sevimli mövzusu "zaman"ı bu dəfə hekayənin mərkəzinə qoymayıb. Adətən onu əsas düşündürən məqam zaman, zamanın müxtəlif qatları, nisbiliyi, obyektiv və subyektivliyidir. Burada Odisseyin hekayəsini də itirilmiş zamana qarşı hiss edilən peşmanlıq və gecikmişlik kimi yozmaq olar, ancaq heç də elə deyil. Çünki filmin əsas mövzusu bəşəriyyətin dağıdıcılığı, müharibələrin törətdiyi fəsadlar, qərb cəmiyyətinin qəhrəmanlıq dastanı kimi sırıdığı şeylərin puçluğudur. Yazımın əvvəlində qeyd etdiyim kimi, Nolan zamanımızla səsləşən bir əsər ortaya qoyub. Dronların, bombaların danışdığı bir dövrdə hamının qarşısında diz çökdüyü Aqamemnonun kimliksizləşdirilməsi, sifətinin film boyunca göstərilməyib sanki ölüm robotuna bənzədilməsi keçmişlə yox, günümüzlə əlaqəli bir yozumdur. Nolan müharibənin şeytaniliyindən dəm vursa da, final səhnəsində rejissor olaraq estetik döyüş səhnələri çəkərək özü ilə ziddiyətə düşür. Əgər müharibə pisdirsə, niyə onu tərənnüm edən filmlərdəkinə bənzər xareoqrafiyadan istifadə edir və özündən əvvəlkilərin yolu ilə gedir? Bu cür sonluq istər-istəməz müəllifin niyətini sorğulamağa məcbur edir. Buna baxmayaraq, Kristofer Nolanın dünyamızın bugünü və gələcəyi barədə demək istədiklərini 3000 il əvvəlin hekayəsinə köçürərək danışması təqdirəlayiqdir. "Odissey" filminin nə qədər problemli məqamları olsa da, izləməyə dəyər bir təcrübə vəd etdiyi şübhəsizdir.

  • 25 июл.1 231155

    "Odissey" və Nolan bizə nə demək istəyir? Bu gün Nolanın yeni filmini, bəşəriyyətin ən qədim dastanlarından birini yeni yozumda izlədim. Mən hər nə qədər Nolanı rejissor olaraq çox bəyənməsəm də, onun filmlərində "Qara cəngavər"dən bəri hiss olunan vacib bir xüsusiyyət var: Nolan filmini izləyəndə masştablı, böyük bir ekran işi izlədiyini hiss edirsən. Nolan bir növ kinematoqrafiyanın dastanlarını yaratmağa çalışır. Buna görə də tamaşaçıları asanlıqla heyran etməyi bacarır. Çünki digər rejissorlar bu keyfiyyətə malik olan filmləri heç də davamlı olaraq çəkmirlər və ya çəkə bilmirlər. Bunun həm maddi, həm də texniki tərəfləri çoxdur. Xüsusilə Nolanın kinematoqrafiyanın son texniki yeniliklərini qorxmadan öz filminə tətbiq etməsi həmin yenilik və böyüklük hissini daha da qüvvətləndirir. Nolanın hər dəfə tamaşaçıları kinoteatrlara getməyə məcbur etməsi, üç saat hansısa alim haqqında kamera filminə bənzər bir iş ortaya qoyub 1 milyarddan çox kassa əldə etməsi təqdirəlayiqdir. Necə deyərlər, igidi öldür, haqqını yemə. Haqqını verdiyimizə görə, indi öldürə bilərik. "Odissey"in mövzusu aşağı-yuxarı hamıya məlumdur. İncəsənətlə, ədəbiyyatla az-maz maraqlanan kimi onsuz istər İliada, istərsə də Odissey böyük bir məbəd kimi gəlib qarşımızda dayanır. Ona görə filmin süjetindən daha çox, onu Nolanın necə yozacağı mənim üçün maraqlı idi. Nolan bu dastanı götürüb müasir dövrün insanının psixologiyasına köçürməyə çalışıb. Məhz bu səbəbdən obrazlar dastan qəhrəmanı, tanrıların yerinə qərar verən fiqurlar yox, psixoloji motivləri olan, qanlı-canlı insanlardır. Matt Damonun oynadığı "Odissey" isə ənənəvi Odisseydən çox fərqlənir. Ənənəvi Odissey kələkbaz, öz ağlı ilə hər vəziyyətdən çıxan, çətinliklərin öhdəsindən gələn obrazdır. Nolan isə "Odissey"i peşmanlıq yaşayan, keçmişin xətaları üzərinə düşünən, ondan nəticə çıxararaq yeni həyata can atan bir şəxsə çevirib. Homerin Odisseyi nə qədər kələkbazdırsa, Nolanın Odisseyi o qədər peşman və kədərlidir. Obrazın transformasiyası baxımından Damonun "Odissey"i əvvəldən peşmandır, axıra qədər eyni peşmanlığı davam edir və sadəcə sonda kiçik bir aydınlanma yaşayır. Hətta bu peşmanlığı daha da kəskin göstərmək üçün filmin məğzinin açıldığı Odisseylə Penelopanın danışdığı məqamı katolik günah çıxartma ayininə çevirir. Pərdənin arxasında olan Odissey bütün günahları danışıb öz həyatını, məramını çək-çevir edir. Təkcə bu səhnəyə baxan insan elə düşünər ki, Odissey əsl dindardır, Afinaya, Zevsə yox, onun üçün əzab çəkən İsaya inanır. Nolan bir çox filmlərində etdiyi kimi, bu filmdə də az qala ilk səhnədən son səhnəyə qədər musiqidən dayanmadan istifadə edir. Hər nə qədər Lüdviq Qoranson çox yaxşı iş ortaya qoysa da, bir məqamdan sonra musiqiyə qarşı qulaq həssaslığı itir. Musiqi öz fərdi keyfiyyətlərini itirib sadəcə növbəti səhnə üçün tamaşaçını istiqamətləndirən vasitəyə çevrilir. Buna görə də, təsirli olması gözlənilən musiqilərin effekti azalır. Montaj baxımından, filmin tempi son akta qədər əməlli axsayır. Bunun əsas səbəbi isə baş verən hadisələrin eyni cür yozumudur. Odissey və dostları hansısa adaya çıxırlar, adadan qaçırlar. Bu hadisə bir neçə dəfə baş verir və təkrara görə ritm itkisi olur. Musiqi olmasaydı, yəqin daha da dözülməz olardı. Rejissor işi olaraq Nolanın mizanlarından diqqətimi çəkən məqamlar çox az oldu. Böyük ehtimalla, IMAX kameralarla çəkdiyi üçün və başqa formatlarda da kəsiləcəyi üçün (IMAX 70MM 1:1.43 aspect ratiodur, digər kinoteatrlarda crop olur və 1:1.90, 1:2.35 kimi formatlara çevrilir) hadisələr kadrın mərkəzində baş verir. Bu da görünür onun əl-qolunu bağlayıb. Bir neçə səhnədə çox yaxşı paralel montaj həlləri var və ustalıqla gərginliyi istədiyi səviyyəyə qaldıra bilir. Texniki ustalıq olsa da, emosional olaraq eyni hissləri yaratmaqda çətinlik çəkir. Aktyorlar arasında ən bəyəndiyim Robert Pattinson oldu. Onun yaratdığı Antonius obrazı yaxşı mənada fərqlənirdi. Zendayanın Afinası da yadda qalan idi. Tom Holland isə Telemaxı alındıra bilməyib.

  • Venesiya Film Festivalının proqramı açıqlandı. Əsas yarışmada maraqlı adlar var. Werner Herzog Mara bacılarını baş rola çəkdiyi "Bucking Fastards" ilə bizi gözləyir. Koreeda daha əvvəl animesi çəkilmiş "Look back"in live-action versiyası ilə müsabiqədədir. "Burning" filmi ilə qəlbimi fəth edən Lee Chang-Dongun "Possible Love"u, Martin McDonaghın yeni qara komediyası da siyahıda var. Nanni Moretti, Danny Boyle, Ali Asgari, Casey Affleck, Florian Zeller əsas yarışmada digər bildiyim rejissorlardır. Ancaq iki film xüsusilə diqqətimi çəkdi. Birincisi mənlə həmyaşıd olan (30 yaş) Lance Oppenheim "Primetime" filmi ilə debüt edir, üstəlik əsas yarışmada, istehsalçısı A24, prodüserlərindən biri və baş rol ifaçısı isə Robert Pattinsondur. Digər əsas diqqətimi çəkən film isə İlya Xrjanovskinin "Dau"sudur. Bu rejissorun eyniadlı multidisiplinar layihəsi var. Bu film isə bizə tanış, bakılı Lev Landau barədədir. Maraqlı filmlər bizi gözləyir.

  • İspaniya ən çətin yolla finala gəlmişdi. Bütün oyunları dominant oynadılar, epizod vermədilər. Bütün çempionatı cəmi bir qol buraxaraq tamamladılar. Finalda da Argentinaya son dəqiqələrə qədər epizod belə vermədən oynadı. Layiqli çempionluqdur. Təbriklər, İspaniya.

  • Sophy Ramvarinin çəkdiyi "Blue Heron" (Mavi vağ?) filmi 2025-ci ilin diqqətəlayiq əsərlərindən imiş. Mənə bu gün izləmək qismət oldu. Film təzə evə köçən ailənin qızı Saşanın gözündən gördüklərimizlə başlayır. Macarıstandan köçən bu immiqrant ailənin dörd uşağı var, Saşa ən balacası, Ceremi isə ən böyüyüdür. Cereminin davranışları ailənin səadəti üçün təhdid yaradır. Ona nəzarət etmək mümkünsüzdür, növbəti addımlarını təxmin etmək olmur, oğurluq edir, evə əlləri qandallı gətirilir. Bütün bu proses boyunca müşahidəçi olan Saşa Ceremiyə qarşı qəzəb duyur. Film də elə bu qəzəbdən bəhs edərək başlayır. Sophy Ramvari 1990-ların home movie estetikası ilə sənədli filmi birləşdirərək yarı avtobioqrafik bir iş ortaya qoyub. Filmin əsas mövzusu yaddaş, yaddaşın bərpaedilməzliyi və eyni zamanda keçmişdə baş verənləri xatırlayaraq baş verənləri anlamaq cəhdləridir. Rejissor qəribə bir şəkildə, yaddaşın özünü də sual altına qoyur və haqqında düşündüyümüz şeylərin nə qədər çox düşünsək, o qədər əlçatmaz olduğunu göstərməyə çalışır. Ailə olmağın çətinliyi, bununla birgə baş verənlər qarşısında uşaq çarəsizliyi, bu çarəsizlikdən yaranan qəzəb və həqiqəti axtarmaq cəhdləri filmin ələ aldığı məsələlərdir. Ramvarinin estetik yanaşmasını, güclü debütünü, sənədli filmlə bədii filmi iç-içə keçirmə bacarığını xeyli bəyəndim. Sophy özünəxas toxunuşlar etməyi bacarıb, reallıqla quramanın sərhədlərində yaxşıca gəzişib və tamaşaçanı düşündürməyim öhdəsindən gəlib. Cəmi 35 yaşında belə yaxşı film çəkmək böyük istedaddan xəbər verir.

  • Bayaq niyəsə beynimə "Alma almaya bənzər"ə baxmaq düşdü. Daha əvvəl izləsəm də, unutmuşdum. Ona görə təkrar izləmək yaxşı oldu. Bəsit film deyil, maraqlı məqamlar çoxdur. Bu səhnəni görəndə isə ağlıma avtomatik BZA-dakı bu səhnə gəldi. Arif Babayev hələ Nuri Bilge Ceylandan 36 il əvvəl edib, qoy gedib kef eləsin. :))

  • 9 июл.37010из cavidramazanov

    Funksionalist məktəbin ədəbiyyat platforması fəaliyyətə başlayıb. Dostumuz Əli Novruzov və yoldaşları yaradıblar. Mübarəkdir! https://radiodeyil.com/

  • Kannda bu il "Müəyyən baxış"da nümayiş olunan və əsas mükafatı qazanan "Everytime"a festivalda baxmaq imkanı olmamışdı. Amma indi fürsət tapıb baxa bildim. Əsas yarışmada izlədiklərimdən daha cürətkar, yenilikçi və heyrətləndirici olduğu aşkardır. Film adamı məcbur edir ki, onun haqqında düşünəsən, vaxt ayırasan. İlin mütləq izləniləsi işlərindən.

  • Ken Loachun "Kes" filmi qəribə şəkildə bir neçə filmlə səsləşir. Əlbəttə, birinci yada "400 zərbə" düşür. Sonra təzəlikcə Türkiyə istehsalı olan "Okul tıraşı"nı nümunə göstərmək olar. "Okul tıraşı"ndakı tətikləyici hadisə (soyuq su ilə çimməyə məcbur etmək) "Kes"də də var. Təzəlikcə vəfat edən usta dokumentalist Frederick Wisemanın "High school" filmi də "Kes"lə eyni dövrdə çəkilib və orada da məktəb institutunun yarıtmazlığı göstərilir. Filmlər arasında bənzərliklər, oxşarlıqlar görmək adama xoş gəlir. İlhamlanma yoxdursa, yeni nəsə də yoxdur.

  • Bu il "Ən yaxşı sənədli film" Oskarını qazanan "Cənab heç kim Putinə qarşı" filmi Danimarka istehsalıdır. Danimarka güclü sənədli film ənənəsi olan ölkədir və son illərdə bir neçə dəfə onların istehsalçısı və ya birgə istehsalçısı olduğu filmlər Oskara namizəd…

  • Bir yerli filmlə bağlı fikirlər maraqlı idi, dedim bir neçə resenziya oxuyum. Resenziyalarda gördüyüm məqam (bunu başqa vaxtlarda da görmüşəm) məni narahat elədi. Bu yazılarda rejissor/ssenaristə nəsihətlər, tövsiyələr var. Görəsən, kinotənqidçiləri nə vadar edir ki, onlar yaradıcı insanın sahəsinə müdaxilə edib tövsiyələr/düzəlişlər təklif edirlər? Bu, çox yanlış yanaşmadır və qətiyyən uzaq durmaq lazımdır. Birincisi ona görə səhvdir ki, heç kimin yaradıcı avtonomluğuna müdaxilə etmək olmaz. İkincisi isə film artıq bitib, yekun məhsul ortadadır və bu cür təklif/nəsihətlərin heç kimə nə faydası, nə də xeyri var. Üçüncüsü isə bitmiş bir işi ancaq əsərin dedikləri/göstərdikləri ilə təhlil etmək lazımdır. Düzdür, elə olub ki, mənə də dostlar, tanışlar filmlərini göndəriblər və mən onlara müəyyən fikirlərimi bildirmişəm, burasını dəyişsən yaxşı olar, orasını düzəltsən daha yaxşı alınar və sair. Amma bu rəylərim bitməmiş bir iş haqqında olub. Film bitəndən sonra ona heç kimin yaradıcı baxımdan müdaxilə təklif etməyə haqqı yoxdur. Bəlkə adi tamaşaçı bunu deyə bilər, amma peşəkarlar əsla. Bunu da ona görə yazdım ki, ola bilər rejissorlar, ssenaristlər, operatorlar abırlarına qısılıb bu cür fikirlərə cavab verməyiblər, tənqid deyə qəbul ediblər, amma belə olmamalıdır. Belə rəylərə veriləcək ən yaxşı cavab, yüngül formada, belə çox bilirsənsə, öz ideal filmini özün çək olmalıdır.

  • Özlüyümdə sevdiyim böyük filmləri birləşdirən məqamı tapdığımı düşünürəm - bu hər nə qədər çox geniş və abstrakt bir konsepsiya olsa da, çalışacam izah edim. Bu filmlərin ortaq məramı, hamısını birləşdirən xüsusiyyəti qəhrəmanlarının ilişib qalanlar olmasıdır. Bu ilişmişlik fərdin ənənəvi dəyərlərlə müasir dəyərlər arasında özünə yer tapa bilməməsi və çarəsizliyidir. Burada ənənəvi dəyərlər deyəndə mühafizəkarlığı, müasirlik deyəndə isə zahirən görülən dəyişiklikləri nəzərdə tutmuram. Nəzərdə tutduğum məqam daha fundemtaldır. Fərdin dünyanın mərkəzinə çevrilməsi, humanizmin iqtidar narrativi olması və geniş mənada modernitedir. Modernitenin gətirdiyi və köhnə dünyanın təklif etdiyi dəyərlər əvəzinə qəbul etməyimizi gözlənilən dəyərlərlə olan problemlərdir əsas məqam. Köhnə dünya - arxetipikdir və qayda-qanunları, sərhədləri bəllidir - bizə din, icma yaşayışı, inanc, dünya ilə irrasional münasibət qurmağı təklif edir. Yeni dünya isə rasionallığı, elmi, fərdi əsas götürür. Böyük filmlər isə bu iki dünya arasında özünə yer tapa bilməyən insanın hekayəsidir. Bəzi böyük filmlər birbaşa mövzusunu din və onun itib getməsinə çevirir. Ən məşhur nümunə kimi Andrey Rublov, Dekaloqu demək olar. Bu filmlərin ortaya çıxma şəraiti kommunist, dinsiz rejimlərdir. Dinsiz rejimlərin təklif etdiyi sakral dəyərlər insanın mənəvi ehtiyaclarını qarşılaya bilmir. Bu sekulyar alternativlər işə yaramır. Başqa sekulyar alternativ incəsənətin özüdür. Buna nümunə kimi ağlıma gələn ilk nümunələr "Yaxın planda", "Sonsuzluq və bir gün"dür. Qəhrəmanlar həyatın itib getmiş mənasını insan təxəyyülünün təzahürü olan şeylərdə - şeirdə, kinoda, incəsənətdə axtarırlar. Kopyanın kopyası olduğu üçün isə məna yaradılması müvəqqətidir və mənəvi sakitliyin açarını tapa bilmirlər. Elə filmlər var ki, onların dərindən tədqiq etməyə çalışdığı mövzular elm, elmin insan həyatına təsiri, elmin insanın narahatlığını sakitləşdirmək gücünün olub-olmamasıdır. "2001 Kosmik odissesiyası", "Stalker" və başqa bir çox filmlərdə bu məsələni görmək olar. Ən məşhur nümunələri isə yəqin ki şəhər həyatı, urbanistikanın gətirdikləri kimi görmək olar. Ozunun filmlərindən tut müasirlərə qədər bu mövzu görünür. İnsanın dəyərini itirərək böyük bir çarxın kiçik hissəsinə çevrilməsi Metropolisdə, Çaplinin "Müasir zamanlar"ında lap aşkar şəkildə özünü göstərir. Başqa böyük bir qrup isə fərdin daxili ziddiyətlərini qabardır. Fərd ətrafla yox, birbaşa özü ilə ziddiyət içərisindədir və onun xilas yolu da özünü anlamaqdan keçir, əgər belə bir şey mümkündürsə. Persona, Psycho kimi filmlər bu kateqoriyaya tam oturur. Ola bilər ki, etdiyim ümumiləşdirmə çox qaba və yöndəmsizdir, amma hər halda, düşünürəm ki, insanın premodernlə modernite arasındakı vurnuxmağı böyük filmlər üçün ilham mənbəyidir. Hər cəmiyyətin özünəxas dəyər kodları var və hər cəmiyyət özünəxas formada həmin sıxıntıları yaşayır. Bu sıxıntıları, bu ilişib qalmışıq hissinin səbəblərini axtarıb ortaya çıxarmaq yaxşı bir film üçün başlanğıc ola bilər.

  • Britaniya Film, Televiziya və Ekran Tədqiqatları Assosiasiyasının “Transmilli ekranlar Xüsusi Maraq Qrupu” tərəfindən Erkən sovet dövrü  Azərbaycan kinosuna həsr olunmuş onlayn mühazirə keçiriləcək.  “Xüsusi maraq qrupu”nun keçirdiyi Transimperial kino: Cənubi Qafqazdan Avrasiyaya qədər kino coğrafiyaları silsilə tədbirlərinin növbəti hissəsi Maykl C. Smit tərəfindən təqdim ediləcək. Mühazirənin mövzusu “Milli realizmin ekranlaşdırılması: Erkən sovet illərində Azərbaycan filmləri" olacaq. Mühazirədə imperiya çərçivələri daxilində və ideoloji təzyiqlərə rəğmən Azərbaycan kinosunun formalaşması prosesini və milli kino mədəniyyətinin necə inkişaf etdiyini analiz ediləcək.  23 iyun tarixində, Bakı vaxtı ilə 20:00-da olacaq onlayn mühazirəyə “Microsoft teams” üzərindən qoşulmaq mümkün olacaq. Qeyd edək ki, Maykl C Smit ABŞ-nin İndiana ştatında yerləşən Perdyu Universitetinin tarixçi professorudur. O, 1991-ci ildə Corctaun Universitetində (Georgetown University) fəlsəfə doktoru (Ph.D.) dərəcəsini almışdır və 1996-cı ildən etibarən Perdyu Universitetində Rusiya/Sovet tarixi və Aerokosmik tarix üzrə dərslər deyir. Professor Smit akademik fəaliyyəti boyunca Azərbaycanın erkən sovet və inqilab dövrü tarixinə xüsusi diqqət ayırmışdır. Onun Azərbaycanla bağlı ən diqqətçəkən tədqiqatları və məqalələri aşağıdakılardır: "Sovet Şərqi üçün kino: Erkən Azərbaycan Filmlərində Milli Fakt və İnqilabi fiksiya" (Cinema for the ‘Soviet East’: National Fact and Revolutionary Fiction in Early Azerbaijani Film,):  "Rusiya inqilabı milli inqilab kimi: Müsəlman Azərbaycanda faciəvi ölümlər və xatirə ritualları (1907-1920)" (The Russian Revolution as a National Revolution: Tragic Deaths and Rituals of Remembrance in Muslim Azerbaijan (1907-1920)):  “Rus inqilabında Güc və Zorakılıq: Mart hadisələri və 1918-ci ilin Bakı Kommunası” (Power and Violence in the Russian Revolution: The March Events and Baku Commune of 1918) Tədbirə qoşulmaq üçün yerləşdirilən linkə keçid edə bilərsiniz. Join via Teams: https://teams.microsoft.com/meet/345687411563332... Meeting ID: 345 687 411 563 332 Passcode: 9nz35rs3