Cavid Ramazanov
СтатистикаCavid Ramazanovun teleqram kanalı. İzlədiyiniz üçün təşəkkürlər!
- Последний пост
- 5 авг.
- Последнее чтение
- 15 авг.
- Постов за неделю
- 0
- Всего постов
- 20
- Тип
- открытый
- Язык
- az
- Категория
- Новости и СМИ (по похожим)
- В каталоге с
- 13 авг.
- 1/24сутки в ленте
- 162
- 1/48двое суток
- 185
- 1/72трое суток
- 200
Оценка по просмотрам недавних постов: пост набирает почти всё за первые сутки.
Посты
Bu məqalədə qaldırılan problemlərin Azərbaycanda geniş vüsət aldığını görürük. Yazı-pozuya iddialı nə qədər adam var, sosial mediada avara-avara söhbətlər etməklə, qızıl zamanı bada verməklə məşğuldurlar. Mütaliədən danışırlar, amma mütaliələri yoxdur; nəsrə iddialıdırlar, amma yaza bilmirlər; camaatı danlayırlar, amma özlərini danlayan lazımdır. Bu məqalə yazı sənətiylə maraqlananlara şiddətlə tövsiyə olunur. Tələyə düşmək istəmirsinizsə, oxuyun. https://radiodeyil.com/2026/07/31/vaxtindan-evvel-pesekar-yazici-olmayin/
Ədəbiyyatsevərlərin diqqətinə. İyulun 26-da Rəşad Səfərin imza saatı keçiriləcək. Bizdə ildə barmaq sayı qədər roman çap olunur. Müəlliflə tanışlıq və romanı əldə etmək üçün yaxşı fürsətdir.
Əli Novruzovun İlham Əzizin "Qəvvas" romanı haqqında essesi. Sanballı yazıdır. https://radiodeyil.com/2026/07/17/hekayetnevis/
Funksionalist məktəbin ədəbiyyat platforması fəaliyyətə başlayıb. Dostumuz Əli Novruzov və yoldaşları yaradıblar. Mübarəkdir! https://radiodeyil.com/
Qısa hekayə sənətiylə maraqlananlar üçün faydalı mətndir. Qismət yaxşı yazıb. https://daha.az/tuf%c9%99ng-z%c9%99rr%c9%99bin-v%c9%99-aysberq-qism%c9%99t/
Arxa cild üçün müəllif fotosu?
Fatih Akının demək olar, bütün filmlərinə baxmışam. Qısa Kəskin Şok diqqətdən kənarda qalmışdı. Baxdım, ləzzət. Görkəmli sənətkarların ilk işləri zamanla kölgədə qalır, əslində isə cövhər onlardadır. Sənətkarın ilk addımlarını, əsərlərindəki cızıqları, kələ-kötürlükləri görürsən, başa düşürsən ki, təkamül yolu bu əksikliklərdən başlayıb. Sonda Sezen Aksunun ifası filmə məxsusi atmosfer qazandırıb. Sonluq məxsusi gözəldir.
Yoahim Triyerin iki gənc yazıçıdan bəhs edən "Təkrar" filminə baxıb bəyənmişdim. Sənətkarın debüt filmi ilə son filmi arasında keçdiyi təkamül adamı heyrətləndirir. Nə qədər böyük yol qət edib. "Sentimental dəyər" son vaxtlar baxdığım mənalı filmlərdən biri oldu. Gözəl əsərdir.
Əksər azərbaycanlı qələm adamları şəhər sakini olsalar da, modern həyat tərzi yaşamırlar. Onlar fərddən daha çox icma adamlarıdır. Modern fərd deyilsənsə, modern roman yazmaq bir xeyli çətinləşir. İcma düşüncəsi qələm adamlarını bir-birlərinin əsərləri haqqında obyektiv qiymət verməkdən də çəkindirir. Onlar bunu dostluğa, yoldaşlığa, icma qanunlarına zidd hesab edirlər. Mətn yaxşı da, pis də olsa, tərifi özlərinə borc bilirlər. Bütün bu amillərin üst-üstə gəlməsi isə bizdə modern ədəbiyyatın üzə çıxmasını ləngidir. https://paradiqma.az/2026/05/28/roman-adi-altinda-%c9%99hvalatciliq-n%c9%99srimizd%c9%99-janr-s%c9%99rh%c9%99dl%c9%99ri-nec%c9%99-itir/
Folklorun Azərbaycan düşüncəsinə və estetikasına təsiri böyükdür. Nəinki orta-statistik vətəndaşlar, bəzən düşüncə və sənət adamları belə folklorla modern arasında fərq qoya bilmirlər. Nəticədə folklor elementləri hər sahəyə sirayət edir. Bu gün elə bir vəziyyət yaranıb ki, folklor əksər sahələrdə moderni udur və dominant janra çevrilir. Ədəbiyyatda da eyni problem var. Yeni yazımda bu barədə yazmışam. Oxuya bilərsiniz. https://paradiqma.az/2026/05/28/roman-adi-altinda-%c9%99hvalatciliq-n%c9%99srimizd%c9%99-janr-s%c9%99rh%c9%99dl%c9%99ri-nec%c9%99-itir/
Seymur Baycanın mənim esseme yazdığı cavab əsas arqumentimi təsdiqləmiş oldu. Mənim arqumentim nə idi? Deyirdim, tarixi 25 il əvvələ gedən köhnəlmiş bir üslub var. Bu üslub nəzəri və təhlil müstəvisində polemikaya girə bilmir. Haqlı görünmək üçün opponentlərini gözdən salmağa çalışan hökmlərə bel bağlayır. Seymur Baycanın yazısından belə çıxır ki, onun mənimlə bağlı müəyyən istəkləri olub. Mən öz ədəbi yolumu, üslubumu və mövzularımı onun istəklərinə uyğun qurmalı imişəm. Qurmamışam, deməli... bir-birinin ardınca düzülmüş təhqirlər. Üstəlik mən essedə publisistik və tənqidi üslubdan yazmışdım, bədii ədəbiyyat məsələsinə toxunmamışdım. Amma cavab yazısı əsasən roman müqayisəsi üzərində qurulub. Seymur hökm çıxarıb ki, onun romanı mənim romanımdan 70 qat güclüdür. Meyarlarını isə yenə izah etməyib. Ümumiyyətlə, bu müqayisəyə nə ehtiyac var? Lap olsun 777 qat güclü. Söhbət bundan getmir axı. Gələk sonuncu məqama. Seymur elə zənn edir, bir üslubu tənqid etmək, avtomatik düşmənlərin tərəfinə keçmək deməkdir. Açığı deyim, köhnə intriqalar mənə maraqlı gəlmir. AYB üzvü deyiləm, ev, təqaüd, medal dalınca qaçmıram. On səkkiz yaşımdan işləyirəm, alın tərimlə yaşayıram, kiminsə qarşısında gözükölgəli deyiləm. Həyatda da, ədəbiyyatda da öz fikrim, öz zövqüm, öz yanaşmam var. Seymur Baycan, yaxud başqası mənim üçün toxunulmaz avtoritet deyil. Şəxsiyyətlə işim yoxdur, amma söhbət peşəkarlıqdan gedirsə, fikrimi açıq deyəcəm. Mən düşünürəm ki, Azərbaycan publisistikası və ədəbi tənqidi sanballı - köhnəlmişin əksi mütləq ütülü mənasına gəlmir - polemikaya layiqdir. Təhqirlərə əsaslanan hökmlərə deyil, fikir və təhlil üzərindən qurulan polemikaya. Bütün mütərəqqi cəmiyyətlərdə belədir, biz də buna nail olmaq üçün əlimizdən gələni etməliyik.
Axır ki, təbiət gördük. Gözümüz-könlümüz açıldı.
Köhnəlmiş bir üslub haqqında yeni məqaləm. Bu üslub ilk dəfə 2000-lərin əvvəlində ortaya çıxmışdı. Hər üslubun bir ömrü var, əslində o, ömrünü çoxdan başa vurmalıydı. Müəyyən səbəblərdən indiyəcən qalmaqda davam edir. Haqqında yazı yazmağın məqamıydı. Dedim, yazım. https://qaynarinfo.az/ueslub-koehnelende-2
Oxucuların diqqətinə❗ Rəşad Səfərin yeni romanı birinci gündən mağazalarda olacaq.
Bu növcavan məni açıq-aşkar təhqir edir, düşük, səviyyəsiz, infantil adlandırır, Kulis.az isə təhqiri manşetdən paylaşır. Bu cür yazılar təqribən 20-25 il əvvəl yazılırdı. Dəli dövr idi, dünyadan bixəbər cəmiyyətdə tənqidlə təhqiri ayırmaq asan deyildi. Adamlara şəxsi hücum edib alçaltmağa çalışmaq hünər sayılırdı. Amma vaxt ötdü, dövran dəyişdi, hər dildə kitablar gəldi, internet sayəsində mütərəqqi dünya əlçatan oldu. İndilərdə artıq bir balaca dərrakəsi olan istənilən kəs başa düşür ki, şəxsi hücum formalaşmamış xarakterin və aciz qələmin göstəricisidir. Dediyim dövrün üslubunu təqlid etmək asan ola bilər - həm fikir sahibi kimi görünürsən, həm də diqqət cəlb edirsən - amma hünərin çatır çətini elə, asanı yox. Bu növcavan da köhnə palan içində eşələnməklə məşğuldur. Mətnində bir dənə olsun öz cümləsi, öz fikri yoxdur, vergülü belə Seymur Baycandan çırpışdırıb. İstənilən halda mən onu başa düşürəm, gəncdir, tələsir, diqqət istəyir. Olan işdir. Bəs Kulis.az-a nə gəlib? Tənqidlə təhqiri ayırmaq üçün əlahiddə bilik və bacarığa ehtiyac yoxdur axı, illərin təcrübəsi belə kifayət edərdi. Deməli, bu da kifayət etmir. Səviyyəni qaldırmaq nə qədər də çətinmiş. Adamlar köhnə söhbətlərdə, çiy üslubda ilişib qalıblar. Belə çox tragikomik. https://kulis.az/xeber/edebi-tenqid/cavid-ramazanov-dusuk-turk-seriallarinin-qizgin-perestiskaridir-boyumeyen-yazicinin-infantil-romani-66667
Ədəbi tənqidçi Cavanşir Yusifli "Amanabənd" romanı haqqında esse yazıb. Peşəkar tənqidin yeri ayrıdır, professora dəyərli fikirlərinə görə minnətdaram. Yeri gəlmişkən, romanın nəşrindən demək olar, dörd il keçir. Məni ən çox sevindirən odur ki, hələ də haqqında danışılır, müzakirələr aparılır. Bundan gözəl nə ola bilər!.. https://daha.az/v%c9%99-ya-mubahis%c9%99li-s%c9%99h%c9%99r-amanab%c9%99nd-romani-haqqinda/
Mədəniyyət mətnin üstündə bərqərar olur. Azərbaycanda estetik və düşüncə ənənələri də əsasən mətnlərin üzərindədir. Bu gün isə ölkədə mətn nöqteyi nəzərindən barbarlığa yaxın bir vəziyyət hökm sürür. Tərcümələr qüsurlu, mətnlər səthi, müəlliflər səthi, müzakirələr səthi, yanaşmalar səthi. Ayda-ildə bir dəfə fərli yazı oxuya bilirsən. Səbəb təkcə siyasi qapalılıq, infrastrukturun olmaması deyil, həm də sosial sifarişin dayazlığıdır. İnformasiya yazı və mütaliə ənənələri olan cəmiyyətləri yeyə bilməz. Hardakı yazı və mütaliə ənənələri var, mədəniyyət, kitab, ədəbiyyat aktualdır. Kitablar yüzminlərlə tirajla nəşr olunur, bəs deyincə kültür-sənət jurnalları, qəzetləri, saytları var. Azərbaycanda isə informasiya mətnlərin də, müəlliflərin də axırına çıxmaqdadır. Hansısa yazıçı sosial mediada layk xatirinə ağlına gələni yazan kimi mətbuatın yadına düşür ki, demə, Azərbaycanda yazıçı var imiş, bu yazıçı məşhur imiş, çünki sosial mediada çoxlu laykı var imiş, indi o ağzına gələni danışıb, mərəkə qopub, gəlin aranı qızışdıraq, bizə də klik gəlsin. Mətbuatın yaratdığı ədəbiyyatçının siması artıq belədir: Facebookda məşhurluq xatirinə ağlına gələni yazan cızma-qaraçı. Əslində, tam yalan da deyil, sosial media fəaliyyəti qələm adamını həqiqətən layk dalınca düşən cızma-qaraçıya çevirir. https://kulis.az/xeber/edebi-tenqid/yazicilar-gundemi-serh-etmelidirmi-cavid-ramazanov-66432
Yeni yazım: Gündəm şərhçisi Niyə Azərbaycanda fikir adamları sosial mediada gündəmi şərh etmək məcburiyyətində qalıblar? Bunun nə kimi mənfi təsirləri var? İnformasiya bombardmanı təkcə yaradıcı adamlara deyil, sadə insanlara da necə dağıdıcı təsir göstərir? Məncə, bu mövzuya da indiyəcən hərtərəfli toxunan olmamışdı. Məqalədə suallara cavablar tapmağa çalışmışam. https://kulis.az/xeber/edebi-tenqid/yazicilar-gundemi-serh-etmelidirmi-cavid-ramazanov-66432
Rəşad Səfərin romanından bir parça. "Cənubda ən uzun gün" tezliklə oxucuların ixtiyarında olacaq. https://thebakureview.com/writings/cnubda-n-uzun-gun-romanndan-parca/
Mənim əmim hədsiz istedadlı adam olub. Heca vəznində gözəl şeirləri var. Özbaşına rəsm çəkməyi öyrənmiş, Leninqradda rəssamlıq universitetinə qəbul olunmuş, amma dalınca getməmişdi. Camaatın karaokedən bixəbər olduğu dövrdə Zaqatalada evdə karaoke qurmuşdu, heç kimin bilmədiyi mahnıları oxuyardı. Həm də sayılıb seçilən lepka ustasıydı, əlləri qızıl. Amma pul vecinə deyildi, istəyəndə qazanır, istəməyəndə şeir yazır, rəsm çəkirdi. Bir də görürdün, tüfəngi götürüb getdi dağlara, bir də neçə həftədən sonra qayıtdı. Yaraşıqlı, xarizmatik, zarafatcıl, bir o qədər də həssas adam idi. Bizimkilər indiyəcən onun hansısa situasiyada işlətdiyi məzəli deyimləri səsləndirirlər. 90-ların ortalarında maddi vəziyyət pisləşmişdi. Yığışıb, demək olar ki, onu zorla Rusiyaya göndərdilər. O gedən oldu. Bir də neçə ildən sonra ölüsü qayıtdı. Dinc adam idi, amma hansısa mərdimazarın qəsdinə tuş gəlmiş, naməlum şəraitdə öldürülmüşdü. O qaranlıq dövrdə Rusiya cəngəlliyində nə qədər belə insan itdi-batdı, qaranlığa qərq oldu. İlham Əzizin yeni çap olunmuş romanı o dövr və o dövrün qaranlığında işıq axtaranlar - qəvvaslar haqqındadır. Şəxsən mənim üçün nə yazdığı maraqlıdır. Bəlkə mənə hədsiz təsir göstərən əmimin də taleyini gördüm orda. Gözləyirəm.